ASTARI ÜZÜNDƏN BAHA… – Dövləti borca salan ABB-nin rəhbərliyinin fantastik gəlirləri

ASTARI ÜZÜNDƏN BAHA… – Dövləti borca salan ABB-nin rəhbərliyinin fantastik gəlirləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət əvvəl Maliyyə naziri Samir Şərifov parlamentdəki müzakirələr zamanı hökumətin daxili borclanmasının kəskin şəkildə artırılmasını dövlətin “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin toksik aktivlərini alması ilə əlaqələndirdi: “İndi onları bazar qiymətinə uyğun qaytarırıq və nəticədə borc yaranır. Biz də bu borcu daxili dövlət borcunun təkibinə daxil etdik”.

Yəni, sadə dildə desək, dövlət üçün bu bankın “astarı üzündən baha başa gəlib”, Azərbaycan dövləti hələ də ABB-də 2015-ci ildə Cahangir Hacıyevin rəhbərliyi dönəmində üzə çıxan milyardlarla dollarlıq yeyintinin, mənimsəmənin, israfın və s. altını çəkir. Özü də belə görünür ki, hələ bir xeyli müddət də çəkəcək.

Buna baxmayaraq, hökumət sözügedən bankı ayaq üstə saxlamağa müvəffəq oldu və bu gün də ona yaradılan şərait digərlərindən fərqlənir, bankın gəlirliliyi müxtəlif vasitələrlə təmin edilir.

 

 

Bu bank qeyd etdiyimiz məlum hadisələrdən sonra dövlət və xalq qarşısında, məcazi mənada desək, bir növ “gözükölgəli” duruma düşdü, nüfuzu, reputasiyası zədələndi. Əlbəttə ki, ABB-nin vaxtilə dövlətə vurduğu ziyana görə bankın indiki rəhbərliyi heç bir məsuliyyət daşımır. Ancaq yenə də dövlətə milyardlarla dollar ziyana başa gələn belə bir bankın başında duranların “dodaq uçuran” şəxsi gəlirlərinə nəzər yetirdikdə, istər-istəməz cavabı açıq qalan suallar yaranır…

Belə ki, mətbuatda dərc edilən məlumatdan aydın olur ki, ABB-nin rəhbərliyi 2023-cü ildə 18 milyon 436 min manat gəlir əldə edib. Bu, 2022-ci ilə nisbətən 19,6% və ya 3 milyon 19 min manat çoxdur. Belə ki, 2022-ci ildə bankın rəhbərliyinin gəlirləri 15 milyon 417 min manat təşkil edib. 

Bankdan qeyd edilib ki, bu ödəniş Bankın İdarə Heyəti üzvlərinə, Baş direktorlara, departament rəhbərlərinə, Agile sahə rəhbərlərinə, sədr müşavirlərinə, Audit Komitəsinin üzvlərinə (bunlar hamısı birlikdə 54 nəfər təşkil edir) ödənilən ümumi məbləğdir.

 

 

 

Qeyd edək ki, Bankın İdarə Heyəti sədr Abbas İbrahimovla birlikdə 7 nəfərdən ibarətdir. Baş direktorların sayı isə 4-dür.

“Təxmini hesablamalara görə, 2023-cü ildə bank rəhbərliyində təmsil olunan hər bir şəxsin orta illik gəliri 341.4 min manat təşkil edib. 2022-ci il üzrə bu rəqəm 308.3 min manat (50 nəfər üzrə) olub” – deyə, məlumatda bildirilir.

Əlbəttə ki, bank rəhbərliyində 54 nəfərin hamısının maaşı eyni deyil və vəzifə ranqına uyğun olaraq dəyişir. Məsələn, həmin 54 nəfərin içində olan sədr müşaviri ilə sədrin özünün maaşı arasında böyük fərq var. Deməli, ortalama gəlir 341 min manatdırsa, bankın idarə heyətindəki 7 nəfərin və 4 baş direktorun gəliri təxminən 500 min manat civarındadır, bəlkə də daha çoxdur.

 

 

 

Azərbaycan kimi kifayət qədər ciddi sosial problemləri, işğaldan azad edilən ərazilərin abadlaşdırılması kimi qlobal xərcləri, nəhayət, minimum əmək haqqının 345 manat (illik gəlir cəmi 4140 manat) olan bir ölkədə dövlət bankının rəhbərliyində oturanların az qala yarım milyon gəlir əldə etməsi qəribə, hətta israfçılıq kimi görünmürmü? Bu, zatən cəmiyyətdə əhalinin gəlir səviyyəsinə görə təbəqələşməsini daha da dərinləşdirmirmi?

Yeri gəlmişkən, bu günlərdə ABB-nin reklam xidmətlərinə çəkdiyi xərclərə dair məlumat yayıldı. Məlum olmuşdu ki, ABB 2023-cü ildə reklama 10 milyon manata yaxın (9 milyon 841 min manat) vəsait xərcləyib. Bu, 2022-ci ilə nisbətən 52,7% və ya 3 milyon 396 min manat çoxdur. Bankın cəmi xərcləri isə 314,1 milyon manat təşkil edib ki, bu da 2022-ci ilə nisbətən 25,6% çoxdur. Yəni, xərclər ilbəil sürətlə artırılır.

 

 

 

Azərbaycanın reklam bazarının məhdudluğunu, kiçikliyini və buradakı qiymətləri (məsələn, saytlar aylıq 200-300 manata reklam yerləşdirir, televiziyalarda da qiymətlər çox baha deyil) nəzərə alsaq, 10 milyon manat kifayət qədər fantastik rəqəm kimi görünür. 

Bir də, görəsən, əvvəlki illərdə bankın reklam sahəsindəki vəziyyəti nə qədər acınacaqlı olub ki, reklam xərclərini birdən-birə 52 faiz(!) artırmağa ehtiyac yaranıb? Bildiyimizə görə, ölkədə inflyasiya, mal və xidmətlərin bahalaşması 52 faizlə müqayisədə qat-qat aşağıdır. Belə olan halda, reklam xərclərinin kəskin şəkildə artması, bahalaşması maraqlı görünür…

Bütün bunlar istər-istəməz bankın fəaliyyətində ən azından yüksək israfçılığa yol verildiyinə dair şübhələr yaradır. Bu şübhələr isə təsadüfi deyil, təəssüf ki, ABB-nin “tarixçəsi” bu baxımdan, yumşaq desək, idealdan çox-çox uzaqdır…