AŞPA bizdən nə istəyir?!backend

AŞPA bizdən nə istəyir?!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Məlum olduğu kimi, Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib. Bu ədalətsiz qərara cavab olaraq isə Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı qeyri-müəyyən müddətə dayandıraraq iclas zalını tərk edib.
Və təbii olaraq bu hadisə cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib: Görəsən nə baş verib? Bundan sonra necə olacaq? Böyük ümüdlərlə daxil olduğumuz AŞ-nı tərk etməklə nə itirib, nə qazanacağıq?
Bəri başdan deyək ki, “qazanc”ımiz olmasa da, itərəcəyimiz də bir şey yoxdur. Çünki 20 ildən artıq üzvü olduğumuz və “üzvlük haqqı” ödədiyimiz bu təşkilat ancaq və ancaq ölkəmizin ünvanına qarayaxmalar söyləmək, yerli-yersiz tənqidlər demək və qəbulolunmaz tələblər irəli sürməklə məşğul idi. AŞ bizdən nə istəyirdi ki, biz onu verə bilmədik?
Birincisi, AŞ deyirdi ki, Azərbaycanda “insan haqları pozulur”, “demokratiya yoxdur”, ölkə “Avropa dəyərləri”nə inteqrasiya olunmur və s. Bu nə deməkdir? Bu o deməkdir ki, cinayətkarı həbs etmə, böhtan yazana “gözün üstə qaşın var” demə, oğrunu, dələduzu sorğulama və s.
Azərbaycandakı əmin-amanlıq, siyasi sabitlik, iqtisadi tərəqqi və s. isə “Şuravi”lərin nəzərində “demokratiyanın pozulması”dır. Onlar barışa bilmirdilər ki, nəyə görə Azərbaycanda başıpozuqluq yoxdur, silahlılar parlamentə soxulub orada oturanları güllələmir, polis küçədən keçən qeyri etnik və qeyri irqin nümayəndələrini basıb döymür, digər dinin daşıyıcıları təqib olunmur və ya öldürülmür. Bəli, AŞ-nın “demokratiya” anlayışı məhz bundan ibarətdir.
“Avropa dəyərləri” deyəndə isə onlar özlərində olduğu kimi, LGBT-lərin yuxarı başda oturdulmasını, şadlıq saraylarının, mətbuatın və televiziyaların qapılarının homoseksualist və “gey”lərin üzünə taybatay açılmasını, onlara baş nazir, nazir, deputat və s. postların etibar edilməsini nəzərdə tuturdular. Fransada, Hollandiyada, Belçikada və s. ölkələrdə olduğu kimi.
Hə, bir də AŞ istəyirdi ki, biz 30 ildən bəri işğal altında olan torpaqlarımızı azad etməyək, o torpaqları düşmənə peşkəş edək. Buna görə də 30 il ərzində türklər demiş, bizi “oyalamaqla” məşğul oldular. Elə ki, əlimizə silah alıb BMT-nin, ATƏT-in və digər təşkilatların tələblərini, qətnamələrini döyüşərək həyata keçirtdik, o zaman bəzi ölkə və təşkilatlarda olduğu kimi, AŞPA-da da “ağlaşma” başladı: “genosid”, “etnosid”, “etnik təmizləmə”, “insan haqları” və s. sədaları göylərə bülənd oldu.
Nədir ki, bəs iki cüt, bir tək erməni öz xoşu ilə Qarabağı tərk edib Ermənistana gedib. Bunlara bir sual edən də yoxdur ki, 1988-1994-cü illərdə ermənilər 1 milyondan çox azərbaycanlını ata-baba torpaqlarından qovarkən, kəndləri, şəhərləri talan edilib yer üzündən silərkən, Xocalıda, Kərkicahanda, Meşəlidə və s. yerlərdə qadınları, uşaqları, qocaları süngülərə keçirib qanına qəltan edərkən bu “Şura üzvləri”nin səsi niyə çıxmırdı? Harada idilər və nə işlə məşğul olurdular?
Bizə elə gəlir ki, bu sualların cavabı hər kəsə məlumdur: antiazərbaycan, antitürk və antiislam düşüncə tərzi, yaxud da ikili standartlar, türkfobiya, islamafobiya və Azərbaycanfobiya.
Odur ki, ölkəmizin nümayəndə heyətinin AŞPA-da fəaliyyətini dayandırmasını nə dərd etməyə, nə də faciəyə çevirməyə ehtiyac yoxdur. Biz azərbaycanlı, dinimiz İslam, vətənimiz isə Azərbaycandır. Azərbaycanın isə öz tarixi, öz mədəniyyəti, öz qədim və zəngin dəyərlər sistemi var. Avropanın “dəyərləri” də, demokratiyası”da özlərinə qalsın.
Şübhəsiz ki, Azərbaycana qarşı bütün bu hücumlar heç bir nəticə verməyəcək, ölkəmiz bu şər kampaniyasının da öhdəsindən gələcək. Lakin, xalqımız Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan, ermənilərə qahmar çıxan AŞPA-nın dövlətimiz əleyhinə olan qərarını alqışlayan ölkəmizdəki radikal müxalifətin davranışlarını unutmayacaq və lazımi qiymət verəcək…
Fərid Şahbazlı