Aşıq Ədalət Nəsibov sabah Bakıda dəfn olunacaq.
Aşıq Ədalət Nəsibov sabah Bakıda dəfn olunacaq.
Bu barədə APA-ya aşıq Ədalətin oğlu Hekayət Nəsibov məlumat verib.
Onun sözlərinə görə, ustad aşığın dəfn olunacağı qəbiristanlıq hələlik dəqiqləşməyib: “Hələlik qəti qərara gələ bilməmişik. Bakıdakı qəbiristanlıqların birində dəfn olunacaq. Sabah saat 12-də öz evimizdə – Mirqasımov küçəsi, 4 ünvanında vida mərasimi təşkil olunacaq”.
Qeyd edək ki, görkəmli aşıq bu gün 78 yaşında dünyasını dəyişib. Aşıq Ədalət uzun müddətdir xəstəlikdən əziyyət çəkirdi.
Ədalət Məhəmmədəli oğlu Nəsibov 1939-cu il yanvar ayının 27-də Qazax rayonunda anadan olub.
Ə. Nəsibov Azərbaycan mədəniyyətini, aşıq sənətini dünyanın bir çox ölkələrində təmsil edib. UNESCO tərəfindən onun ifaları ayrıca lentə alınıb.
Ədalət Nəsibovun aşıq yaradıcılığı sahəsindəki xidmətləri dövlət tərəfindən qiymətləndirilib. O, “Əməkdar İncəsənət Xadimi” fəxri adına və Azərbaycan prezidentinin fərdi təqaüdünə layiq görülüb, haqqında kitablar yazılıb, filmlər çəkilib.