Ötən gündən başlayaraq “Asan imza” sistemi işləmir. Əslində ölkənin bütün identifikasiya sistemi, xeyli sayda vacib biznes və dövlət xidmətləri məhz “Asan imza” üzərində “oturub” desək, yanılmarıq. Yəni çox sayda vergi, bank, mühasibatlıq xidmətlərini əldə etmək üçün mütləq “Asan imza” olmalıdır. İndi təsəvvür edin ki, iki gündür ki, bu sistem işləmir. Adətən “Asan imza”da tez-tez baş verən bu tip problemlər bir neçə saata həll olunardı. İndi isə problemi bir sutkadan çoxdur ki, həll edə bilməyiblər. Görəsən nə baş verib ? Kiber hücummu olub, yeniləmə prosesində səhvlərmi baş verib ? Kimdir günahkar?
Tribunainfo.az xəbər verir ki, Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib ki, “Asan imza” sistemi xarici şirkətə – Best Solution şirkətinə məxsusdur. Hələlik nə bu imzanın sahibi Bes Solution şirkəti , nə də “Asan imza” şəxsi kabinetinin operatoru olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bununla bağlı heç bir açıqlama verilməyib:
“Güman ki şikayətlər də çox olduğundan Best Solution şirkəti Çağrı Mərkəzinin 1847 nömrəsini də birdəfəlik xətdən ayırıb, qoşulmaq mümkün deyil.
Sadəcə biabırçılıqdır.
Prosesin nə qədər çəkəcəyi də bəlli deyil. Bütün bunlar isə doğru bir hal deyil, belə vəziyyət Azərbaycanın indiki inkişaf vəziyyətinə də uyğun olan bir yanaşma deyil.
Mövcud yeni qanunvericiliyin tələblərinə görə “Asan imza” sistemi də kritik infrastruktura aid edilməlidir. Kritik qurumların siyahıları açıqlanmadığından indiki halda bunu demək də çətindir.
Lakin xeyli müddət fəaliyyət göstərməyən bir sistemin yaratdığı problem kütləvi xarakterlidir, bütün ölkə üzrə sahibkarlar və xidmət istifadəçiləri elektron xidmətləri əldə edə bilməyiblər. Sahibkarlar bununla əlaqəli öhdəlikləri yerinə yetirə bilməyiblər, əmək haqlarını verə bilməyiblər və s”.
Ekspert bildirib ki, sistemin çökməsi ilə sahibkarların, biznesin bununla əlaqəli problemlərdən çəkdiyi ziyanları kimin ödəyəcəyi maraq doğurur:
“Ən maraqlısı odur ki, 3 ildir fəaliyyətə başlayan digər rəqəmsal imza, SİMA çox yerə inteqrasiya olsa da, biznes sektoruna inteqrasiyanı başa çatdıra bilməyib.
E-qaimə, bütün növ vergi bəyannamələri, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi, əmək haqları ilə bağlı və s. xidmətləri əldə etmək yalnız “Asan imza” ilə mümkündür.
Görəsən kimlər maraqlıdır ki, imza sektorunda alternativlik, rəqabətli mühit olmasın ?
SİMA rəqəmsal imzasının sahibkarlıq sektoruna, vergi sisteminə inteqrasiyasının başa çatmaması ilə bağlı da nə “Asan imza ” sahibinin, nə Dövlət Vergi Xidmətinin, nə də RİNN-in açıqlamaları indiyədək yoxdur”.
Nigar