“Dağlıq Qarabağla bağlı hazırkı vəziyyət Azərbaycanı qane edə bilməz, çünki vaxt uzanır, problem isə həllini tapmır”.
“Dağlıq Qarabağla bağlı hazırkı vəziyyət Azərbaycanı qane edə bilməz, çünki vaxt uzanır, problem isə həllini tapmır”.
Bu sözləri TİA.AZ-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspert Dağlıq Qarabağda status-kvonun saxlanılmasının təhlükəli olduğunu bildirib:
“ATƏT-in Baş katibi Lamberto Zanyer Ermənistana rəsmi səfər edib və bu ölkənin Xarici İşlər naziri Edvard Nalbəndyanla görüşüb. Bildirilib ki, Minsk Qrupunun həmsədrləri Ermənistana, Azərbaycana və işğal altında olan Dağlıq Qarabağa səfər edəcəklər və bu istiqamətdə müvafiq danışıqlar aparacaqlar. Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə müəyyən təkliflərin irəli sürüləcəyi də müzakirə olunub. Düşünürəm ki, status-kvonun bu cür saxlanılması Sərkisyan rejiminin hakimiyyətdə qalması və münaqişənin müsbət istiqamətdə həllinin əngəllənməsi deməkdir. Bu isə qarşıda lokal hərbi toqquşmalara gətirib çıxara bilər. Belə vəziyyət Azərbaycanı qane edə bilməz, çünki vaxt uzanır, problem isə həllini tapmır”.
Politoloq bildirib ki, böyük layihələrin həyata keçməsi baxımından Avropa da Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində maraqlı olmalıdır:
“Bu gün əsas məsələ Qarabağ probleminin həllidir. Regionun təhlükəsizliyinə ən böyük təhdid münaqişənin həll edilməməsidir. Buna görə də müvafiq addımlar atılmalı, xarici işlər nazirləri səviyyəsində görüşlər keçirilməlidir. Əgər növbəti görüşlərdə hər hansı bir konsensus əldə olunsa, artıq dövlət başçılarının da görüşü mümkün olacaq. Konkret məsələlərin həlli üçün bu addımlar labüddür. Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasinin son bəyanatında Azərbaycan və Rusiya prezidentlərinin görüşünün mümkünlüyü vurğulanıb. Əsas açar ölkə Rusiyadır və Moskvanın üzərinə böyük məsuliyyət düşür. Gözləntilər özünü doğruldarsa, bu, regionda münaqişənin həllində atılacaq addım kimi dəyərləndirilə bilər”.
İlahə