Rusiya Xarici İşlər Nazirliyində 2016-cı ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında Lavrovun açıqlaması Azərbaycanda narazılığa səbəb olub.
Rusiya Xarici İşlər Nazirliyində 2016-cı ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında Lavrovun açıqlaması Azərbaycanda narazılığa səbəb olub.
Konfransda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinə də tonuxaraq Qarabağ probleminin Azərbaycanın daxili işi olmadığını vurğulayıb.
TİA.AZ-a açıqlama verən politoloq Arzu Nağıyev məsələyə münasibətini bildirərək ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həllində əsaslı addımlar atmamasının Azərbaycana xeyir vermədiyini vurğuladı və Azərbaycan öz torpaqlarını hərbi yolla da işğaldan azad etməyə qadirdir deyə bildirdi:
“Rusiya xarici işlər naziri cənab Lavrov Moskvada mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir neçə aspektlərə toxundu. Birinci məsələ ATƏT-in Minsk Qrupu həmsədrinin öz aralarında müəyyən konsepsiyaya gələ bilmədiyini qeyd etdi. Burada əsas məsələ ondan ibarətdir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinə bir istiqamətdən, Fransa və ABŞ isə digər istiqamətdən baxır. Ona görə də ümumi konsepsiyaya gələ bilmirlər. Fikrimcə, bunun əsas səbəblərindən biri son vaxtlar Qərbin Rusiyaya olan təsirləri ilə bağlıdır. Belə ki, Dağlıq Qarabağ münaqişəsinin yaranmasında SSRİ-nin rolu olubsa, məhz bu münaqişənin söndürülməsində Rusiya birbaşa cavabdehlik daşımalıdır. Və hər hansısa şəkildə Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət tərəf kimi çıxış etməlidir.
Təəssüf ki, ATƏT-in Minsk Qrupu həmsədrlərində tez-tez dəyişikliklər olduğuna və regionu yaxşı bilmədiklərinə görə Rusiya öz nümayəndəsini saxlayır və digər dövlətlər öz nümayəndələrini dəyişirlər. Fransanın Ermənistana münasibəti, ABŞ-ın regionda hansı məsələlərin həllinə çalışdığı məlum məsələdir. Rusiya isə tam şəkildə öz nüfuzunu bərpa etmək üçün bu addımları atır. Bununla yanaşı, Rusiya dəfələrlə İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğunu bildirib. ATƏT-in Minsk Qrupu həmsədrləri deklorativ bəyanatlardan başqa bir addım da irəli getmədilər. Bu isə Azərbaycana xeyir eləmir.
Digər tərəfdən Sergey Lavrov Dağlıq Qarabağın qondarma qurumunun statusunun həll olunması məsələsini ön plana çəkir. Sonradan isə işğalçı ordunun ərazilərdən çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün bərpası barədə danışır. Bu istər “Madrid Prinsipləri”nə, istər Sankt-Peterburq görüşünün protokollarına zidd olan bir məsələdir. Çünki əvvəllər dünya tərəfindən hansısa millətin öz müqəddaratını həll eləməsi istiqamətində insan haqqları ilə bağlı müraciətlər olurdusa, aprel hadisələrindən sonra kimin işğalçı olduğu və Azərbaycanın suverenliyinin bərpası məsələsi ön plana çəkildi. Hətta Azərbaycan rəhbərliyi dəfələrlə bəyanatla çıxış etdi ki, biz Dağlıq Qarabağda yaşayan erməniləri öz vətəndaşımız saymağa hazırıq və bu istiqamətdə addımlar da atılacaq. Rusiya bir daha özünün regionda olan marağını biruzə verməyə çalışır və bu istiqamətdə də bəyanatlarla çıxış edirlər. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllində status-kvonun saxlanması üçün atılan addımlar atılır. Bu isə Ermənistanın bugünkü hakimiyyətinin ömrünün uzadılması ilə bağlıdır.
Bundan başqa, Rusiya son vaxtlar Suriya münaqişəsinin həllində müəyyən problemlərlə üzləşdiyinə görə Dağlıq Qarabağ münaqişəsinin həllini ikinci plana keçirib. Fikrimcə, ATƏT-in bütün üzvləri Ermənistana hərtərəfli təzyiqlər göstərməlidir. Bu məsələ müəyyən təzyiqlər altında həll olunmalıdır. Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan bir dövlət kimi hərbi yolla da həll edə bilir. Sadəcə olaraq buna maneə olan amillər var. Bu amillərdən biri də Rusiyanın münaqişənin hərbi yolla həll edilməsini istəməməsidir. Təbii ki, bizdə bu müharibəni istəmirik. Əgər bu gün Azərbaycanla Ermənistan arasında hansısa müharibə baş verərsə, bu bütün bölgəni bürüyəcək. Sadəcə olaraq, biz öz ərazilərimizdə anti-terror əməliyyatları keçirməyə hazırıq. Bununla da öz ərazilərimizi işğalçı qüvvələrdən qoruya bilərik. Bu məsələdə Rusiya, ABŞ, ATƏT bizə yardımçı olmalıdır”.
Nilufər