Bu gün Azərbaycan-İsrail münasibətləri özünün inkişaf mərhələsini yaşayır.
Bu gün Azərbaycan-İsrail münasibətləri özünün inkişaf mərhələsini yaşayır.
Bu prosesdə yəhudi və Azərbaycan xalqlarının arasında olan tarixi mehribanlıq və səmimi münasibətlər də mühüm rol oynayır. İsraildə Azərbaycandan getmiş çoxsaylı yəhudi yaşayır və onlar Azərbaycan diasporunu təşkil edirlər. Bu insanlar həm İsrailin, həm də Azərbaycanın inkişafına töhfə verirlər. Onların arasında xüsusi fəallığı ilə seçilən diaspor nümayəndələrimizdən biri də Arye Qutdur. Arye Qut 1975-ci ildə Bakıda doğulmuşdur. 1999-cu ildə Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr fakültəsini bitirmişdir. 2000-ci ildə İsrailə köçən Qut İsrail televiziya və radiolarında Cənubi Qafqaz və Türkiyə mövzularında siyasi şərhçi olaraq tanınır. Hazırda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəridir. Beynəlxalq münaqişələr üzrə ekspert
Arye Qut “Xalq qəzeti”nin suallarını cavablandırmışdır:
– Bu yaxınlarda İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri baş tutdu. Səfərin yüksək səviyyədə reallaşması İsrail cəmiyyəti və dövləti tərəfindən necə qarşılandı?
– Hesab edirəm ki, Benyamin Netanyahunun Azərbaycana ilk rəsmi səfəri iki ölkə arasında olan 25 illik diplomatiya tarixininin ən parlaq hadisəsidir. Bu səfər həm İsrail cəmiyyətində, həm də İsrail dövləti və hökuməti tərəfindən yüksək səviyyədə qarşılanıb. B. Netanyahu həm səfəri zamanı, həm səfərdən sonra bir neçə dəfə özünün “Facebook” səhifəsində Azərbaycanda keçirdiyi görüşləri, apardığı danışıqları çox yüksək qiymətləndirdi. Səfərin lap əvvəlindən liderlər bir-birinə səmimi münasibət nümayiş etdirdilər. B. Netanyahu danışıqların əvvəlində Azərbaycanın və şəxsən İlham Əliyevin multikulturalizm və tolerantlıq sahəsində siyasətini yüksək qiymətləndirərək, Azərbaycan rəhbərliyinin və Azərbaycan xalqının yəhudi icmasına səmimi münasibətinə heyran olduğunu bildirdi. Prezident İlham Əliyev bu yüksək qiymətin cavabında bildirdi ki, Azərbaycandakı yəhudi icması ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir. Bakıdakı bu görüş bir daha təsdiq etdi ki, iki ölkə arasında siyasi dialoq ən yüksək səviyyədədir, bu münasibətlərin iqtisadi tərkib hissəsi və ticarət dövriyyəsi daim genişlənir. Azərbaycan-İsrail əməkdaşlığı və tərəfdaşlığı çiçəklənir, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 3,5 milyard dollara yaxındır. Əvvəllər bu ticarət dövriyyəsi əsasən neft və qaz sənayesində cəmləşirdisə, indi qarşılıqlı münasibətlərin inkişafı şaxələndirilərək iqtisadiyyatın digər sektorlarını da əhatə edir. Hərbi-texniki tərəfdaşlıq fəal inkişaf edir. Baş nazir Netanyahunun səfər müddəti qısa – cəmi 8 saat olmasına baxmayaraq, onu çox uğurlu, Azərbaycan-İsrail qarşılıqlı münasibətlərinin möhkəmlənməsi üçün səmərəli hesab etmək olar. Səfər çərçivəsində “Azərbaycan Respublikasının hökuməti ilə İsrail Dövlətinin hökuməti arasında standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və metrologiya sahələrində əməkdaşlıq haqqında” Saziş, “Azərbaycan Respublikasının hökuməti ilə İsrail Dövlətinin hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında” Saziş, “Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiya, “Azərbaycan Respublikasının hökuməti ilə İsrail Dövlətinin hökuməti arasında Birgə Komissiyanın yaradılması haqqında” Anlaşma Memorandumu imzalanıb.
– Azərbaycan-İsrail əməkdaşlığının yüksək səviyyədə olması və günü-gündən inkişaf etməsi bir sıra ölkələrdə, o cümlədən işğalçı Ermənistanda narahatlıqla qarşılanır. Sizcə, bunun səbəbi nədir?
– İsrail dövləti Azərbaycanın ədalətli mövqeyini müdafiə edir, ərazi bütövlüyünü fəal şəkildə dəstəkləyir və Ermənistan-Azərbaycan münaqişəsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməyə çağırır. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı 24 ildən çoxdur ki, davam edir. Bu təcavüz nəticəsində ölkədə bir milyon qaçqın var. İndiki mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın haqlı mövqeyinin Yaxın Şərqdə İsrail dövləti kimi mühüm strateji tərəfdaş və güclü geosiyasi aktor tərəfindən dəstəklənməsi rəsmi Bakı üçün çox zəruridir.
Hamıya yaxşı məlumdur ki, Ermənistan ən monoetnik ölkədir, burada şovinizm, millətçilik, habelə faşistlərin və antisemitlərin müxtəlif yollarla dəstəklənməsi, onlara heykəllər qoyulması Sarkisyan rejiminin dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Vurğulamaq lazımdır ki, bu qaniçən faşistlərə pərəstiş hansısa marginal siyasi qruplaşmaların gücü ilə yaradılmır, bu hərəkətlərin arxasında dövlət, daha dəqiq desək, Ermənistan Respublikasının rəhbərliyi dayanır. General Njdenin abidəsinin açılış mərasimində Ermənistan prezidenti Serj Sarkisyanın və müdafiə naziri Seyran Ohanyanın iştirak etmələri faktı təsdiq edir ki, onlar özlərini erməni faşisti və antisemit Njdenin həqiqi və əsl varisləri hesab edirlər.
Avrasiya ərazisində heç bir ölkənin İsraillə Azərbaycan Respublikası qədər yaxın və mehriban münasibətləri yoxdur. Heç şübhəsiz, İsrail-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Azərbaycan ilə İsrail dost və tərəfdaşlarını özləri seçirlər, hərbi-texniki sahədə strateji əməkdaşlığın səviyyəsini də özləri müəyyən edirlər. İsrailin Baş naziri Netanyahunun Azərbaycana səfəri bir daha onu göstərdi ki, Ermənistan bu səfərdən və onun nəticələrindən çox narahatdır.
– Azərbaycanla İsrailin münasibətləri Yaxın Şərqə və bütövlükdə dünyaya nümunə ola bilərmi?
– Azərbaycan Prezidenti İlham Əliyev daim bəyan edir ki, biz çoxmillətli və çoxkonfessiyalı ölkədə yaşamağımızla, bir çox xalqların və millətlərin nümayəndələrinin Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşamaları ilə qürur duyuruq. Biz əslən Azərbaycandan olan yəhudilərlə fəxr edirik. Ermənistanla ağır və qanlı ərazi münaqişəsinə baxmayaraq, Azərbaycan Cənubi Qafqazın şəksiz regional lideri, əsl sivilizasiyalararası və konfessiyalararası dialoq örnəyidir. Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin mühüm əsaslarıdır. Bu baxımdan Azərbaycan İslam dünyasının inkişaf mayakı, Qərb praqmatizminin Şərq qonaqpərvərliyi və ənənələri ilə sıx çulğalaşdığı unikal dünyəvi ölkədir. Azərbaycan bir çox dinlərin və xalqların nümayəndələrinin vətəni olub və indi də belədir. Azərbaycan, sözün əsl mənasında, sivilizasiyalararası dialoqun bariz nümunəsidir. İnsanların təkcə eyni dinin başqa bir cərəyanına məxsus olmaları səbəbindən məhv edildiyi bu zalım və qanlı-qadalı dünyamızda biz İsraildə müasir, sivil və güclü, İslam dünyası ölkələrinin çoxuna bir növ tərəqqi və inkişaf mayakı olan Azərbaycanın həqiqi və keyfiyyətli nümunəsini müşahidə edir və dəyərləndiririk. Burada İsrail Baş nazirinin sözləri yadıma düşür : “İsrail bir yəhudi dövlətidir. Azərbaycan müsəlman ölkəsidir və əhalisinin əksəriyyəti müsəlmandır. Burada hər iki ölkənin daha parlaq gələcəyini təmin etmək üçün yəhudilərlə müsəlmanların birgə işləməsinin şahidi oluruq. Bu, indiki dövrdə tolerantlığın, qarşılıqlı hörmətin olmaması fonunda çox parlaq bir nümunədir. İsraildə Azərbaycandan olan 70 min yəhudi, “insan körpüsü” yaşayır. Bundan başqa, dünyaya göstərə biləcəyimiz başqa bir şey var. Dünya çoxlu dözümsüzlük, çoxlu zülmət görür. Burada isə müsəlmanlar ilə yəhudilərin arasında əlaqələrin necə ola biləcəyinin, necə qurulmasının bir nümunəsi var. İllər boyunca Azərbaycanda yəhudilərə qarşı göstərmiş olduğunuz qarşılıqlı hörmət, gözəl yanaşma bu əlaqələri, Azərbaycana olan rəğbətimizi və heyranlığımızı daha da gücləndirir.”
– Yəhudi diasporu və lobbisinin Azərbaycan həqiqətlərinin dünyada tanıdılmasında rolunu necə qiymətləndirirsiniz?
– Hesab edirəm ki, dünyada olan güclü və effektiv yəhudi diasporu ilə çalışma mexanizmləri müəyyən olunmalıdır. Sizə bir misal çəkim: Ötən ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun mənəvi dəstəyi ilə dünya yəhudi diasporunun liderləri, o cümlədən Ümumdünya Yəhudi Konqresinin (ÜYK) prezidenti Ronald Lauder, baş icraçı direktoru Robert Zinger, Konqresin vitse-prezidenti Qod Nisanov, Avrasiya Yəhudi Konqresinin prezidenti Yulius Maynl, Rusiya Yəhudi Konqresinin (RYK) prezidenti Yuri Kanner, vitse-prezidenti German Zaxaryayevin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı Azərbaycan həqiqətlərinin dünyada tanıdılması mövzusunu müzakirə etmişdilər. Bu görüş Azərbaycan və yəhudi xalqları arasında münasibətlərin inkişafı baxımından mühüm tarixi əhəmiyyət daşıyırdı. Bu, bir daha sübut etdi ki, Azərbaycan multikulturalizm və tolerantlıq “adası”dır. Tarix göstərir ki, azərbaycanlılar heç vaxt yəhudilərə, yəhudilər də azərbaycanlılara xəyanət etməyiblər. Ümumdünya Yəhudi Konqresinin nümayəndə heyətinin səfərinin əsas məqsədi dünya yəhudi diasporu ilə Azərbaycan arasında sıx münasibətlər yaratmaq, digər tərəfdən Azərbaycan yəhudi icmasının həyatı ilə tanış olmaq idi. Qürurla demək istəyirəm ki, Azərbaycan rəhbərliyi ölkənin yəhudi icmasına dünyada presedenti olmayan qayğıkeş və səmimi münasibət göstərir. Prezidentin himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük Yəhudi Təhsil Mərkəzi tikilib. Azərbaycanda yəhudi muzeyinin yaradılması planlaşdırılır. Bu, Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq. Əgər kimdəsə əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan kimi ölkənin İsraillə yüksək səviyyədə dialoq, əməkdaşlıq və tərəfdaşlığı necə qurmasına dair sual yaransa, o zaman yəhudilərin məşhur Qırmızı Qəsəbəsinə baxmaq kifayət edər.
– Bu günlərdə sizin atanızla birlikdə yazdığınız “Xocalı” ilə bağlı yeni kitabınızın təqdimatı keçirildi və yetərincə ciddi əks-səda doğurdu. Romanın süjet xətti barədə nə deyə bilərsiniz?
– Yəhudi diasporunun Azərbaycan həqiqətlərinin dünyada tanıdılmasında mənim rəhbərlik etdiyim “Cəmiyyət üçün beynəlxalq layihələr” İsrail qeyri hökümət təşkilatı çərçivəsində atamla bərabər yazdığımız və Xocalı qətliamı ilə bağlı bədii sənədli romanın İsraildə çap olunması mühüm rol oynayır. Romanın yazılmasında da əsas güc Azərbaycan Dövlət Televiziyasında 40 il rejissor və ssenarist işləmiş atamın – Əhməd Abdullayevin böyük və əvəzolunmaz rolu oldu. Mən romanın daha çox sənədli hissəsini işləmişəm. Əsərin lirik, ədəbi hissəsini isə atam işləyib. İkimizin birgə hazırladığınız kitab inanıram ki, iş baxımından çox uğurlu alınıb. Bu, bir tərəfdən də Azərbaycanla İsrail arasında, yəhudi xalqı arasında multikulturalizm və tolerantlığı əks etdirir. Əsərin qəhrəmanı milliyətcə azərbaycanlı olan Röya Pol adlı israilli bir gəncə vurulur. Röya özü isə Xocalıdan olur. O, hələ uşaq ikən erməni faşistləri tərəfindən Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı törədilmiş amansız qırğının dəhşətlərini görür. Əsərdə Xocalı qətliamının bütün ağırlığı, əziyyəti Röyanın həyatında göstərilir. Həm ədəbi hissəsi, həm siyasi hissəsi açılır. Düşündüm ki, bu kitab Azərbaycan yox, məhz rus dilində yazılmalıdır ki, bütün postsovet ölkələrində yayılsın. Çalışıram ki, bu kitab ingilis dilində də çapdan çıxsın. Bu yaxınlarda Dünya Yəhudi Konqresinin rəhbəri Ronald Lauderlə görüşdüm. Kitab haqqında ona danışanda dedi ki, kitabın ingilis dili variantının Nyu-Yorkda, Vaşinqtonda və digər şəhərlərdə çapını istəyirsinizsə, biz sizə yardımçı ola bilərik. Əsas ideya da elə budur, Xocalı qətliamını dünyaya tanıtmaq. Bildiyiniz kimi, Xocalı faciəsi ilə bağlı İsraildə də bir çox işlər görmüşəm. Komandam da bu baxımdan böyük işlər görüb. Bu kitab isə gördüyümüz işlərdən daha önəmlisi oldu.
– Siz Azərbaycanı, milli həqiqətlərimizi İsraildə tanıdırsınız, buna görə sizi qınayanlar və yaxud hər hansı antisemit və ya antiazərbaycan qruplar tərəfindən üzərinizə təzyiqlər olurmu?
– Mən artıq 8 ilə yaxındır ki Azərbaycanımızı İsraildə və dünyada tanıtmaqla məşğulam. Aydındır ki, bu fəalliyyətlə mən antiazərbaycan qrupları tərəfindən təzyiqlərlə qarşılaşıram. Açığını deyim ki, bu fəalliyyətim mənə daha çox Azərbaycanı sevən dostları qazandırır. İsrail televiziyası və radiosunda şərhçi kimi çıxış edərkən heç vaxt Azərbaycan adını deməyi unutmuram. Məhz bu İsraildə olan Azərbaycan dostlarının köməyilə İsrail TV və radiosunda “Odlar yurdu” haqqında televiziya sujetləri və müsahibələrim və radioda bir saatlıq verilişlərlə ərsəyə gəlir. Bildiyiniz kimi, iki həftə öncə ABŞ-ın aparıcı ali məktəblərinin yəhudi mənşəli tələbələrini birləşdirən KIVUNIM Amerika-İsrail Akademik Təşkilatının nümayəndə heyətini “Azərbaycan dünya üçün əsl multikulturalizm və tolerantlıq modelidir” layihəsi çərçivəsində Azərbaycana gətirdim. Müasir və müstəqil Azərbaycan haqqında bu həqiqətləri yəhudi mənşəli amerikalı tələbələrə çatdırmaq mənim üçün vacib məsələ idi, çünki Amerika yəhudi diasporunun gələcək real və bacarıqlı liderləri bu tələbələr olacaqlar. Mühazirəm böyük uğur qazandı, mən tələbələrin gözündə Azərbaycana maraq gördüm və “Azərbaycan dünyanın əsl multikulturalizm və tolerantlıq modelidir” layihəsini həyata keçirməyi onlara təklif etdim. Çox şadam ki, buna nail oldum. Tanınmış KIVUNIM Amerika-İsrail Akademik Təşkilatının 50 tələbədən ibarət nümayəndə heyəti ilk dəfə Azərbaycana səfər etdi. Onlar siyasi və ictimai xadimlərlə görüşdü, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında mütəxəssislərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, Ermənistanın Azərbaycana təcavüzü haqqında mühazirələrini dinlədilər. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycanın müsəlman, yəhudi və xristian icmalarının liderləri ilə görüşdülər. Amerikanın yəhudi diasporunun tələbə və gənc liderlərdən ibarət nümayəndə heyətində ABŞ-ın Miçiqan, Emori, Merilend, Vaşinqton, İllinois, Kolumbiya, Kaliforniya-Berkley və digər ali məktəblərinin tələbələri təmsil olunmuşdular.
– Bir neçə gün əvvəl Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd etdik. Bu günlə bağlı hansı təklifləriniz və istəkləriniz var?
– Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə hər il dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilir. Ermənistanla gərgin və qanlı ərazi münaqişəsinə, Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsinə, ikili standartlardan əziyyət çəkməsinə və çox mürəkkəb geosiyasi məkanda yerləşməsinə baxmayaraq, bu ölkə, eyni zamanda, əsl sivilizasiyalararası və dinlərarası dialoq nümunəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin tolerantlığın və multikulturalizmin qorunub saxlanmasına yönəlmiş siyasətinin səmərəsi müasir və güclü Azərbaycan modeli nümunəsində aşkar görünür. Bu gün Azərbaycan multikulturalizmi İsrail dövlətində də öz əksini tapır. Burada biz Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və yəhudi xalqının müqəddəs Xanuka bayramını eyni vaxtda qeyd edəcəyik. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızın və həmvətənlərimizin respublikamızla əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin yaradılması işində mühüm rol oynamaqdadır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi isə bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Azərbaycanlıların həmrəyliyinin həm Azərbaycan üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün xüsusi əhəmiyyət kəsb etdiyini düzgün dəyərləndirən Heydər Əliyev xaricdəki azərbaycanlıların birliyi və təşkilatlanması məsələlərini diqqət mərkəzində saxlayırdı. Ulu öndər Heydər Əliyev xarici ölkələrə etdiyi səfərlər zamanı Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirər, onların problem və qayğıları ilə yaxından maraqlanar, daha sıx təşkilatlanmalarına dair dəyərli tövsiyələr verərdi: “Harada olursa-olsun azərbaycanlıların birlikdə, bərabər olması əsas şərtlərdən biridir. Azərbaycandan kənarda yaşayan azərbaycanlılar da öz qüvvələrini toplamalıdırlar. Ayrı-ayrı qüvvələrin, qrupların arasında fikir müxtəlifliyi ola bilər. Bu təbii haldır. Ancaq Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütün başqa fikirləri kənara qoyub birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir”.
Dünyanın dörd bir yanına səpələnmiş on milyonlarla azərbaycanlı gücün birlikdə olması həqiqətini getdikcə daha aydın dərk edir. Azərbaycan diaspor və icmaları arasında bağlar möhkəmlənir, soydaşlarımız milli hüquqların müdafiəsi işində bir-birinə dayaq durur, tarixi Vətənlə əlaqələrini gücləndirirlər. Onlar yaxşı başa düşürlər ki, milli-mənəvi bütövlüyün möhkəm təməli üzərində qurulan Azərbaycan bütün soydaşlarımızın və həmvətənlərimizin güvənc yeri olan qüdrətli bir dövlətə çevriləcəkdir. Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının və Azərbaycanda yaşayan xalqların doğma ata-baba yurdudur. Fürsətdən istifadə edərək, dünyada yaşayan bütün azərbaycanlıları salamlayıram, onlara ən xoş arzularımı çatdırıram. Bütün dünya azərbaycanlıları bilirlər ki, bu gün Azərbaycan müstəqillik və inkişaf yolu ilə gedir. Bu gün müstəqil Azərbaycan güclü dövlətdir. Mən bütün Azərbaycan vətəndaşlarını, dünya azərbaycanlılarını Dünya Azərbaycanlarının Həmrəyliyi Günü və ilk günlərini yaşadığımız 2017-ci il münasibətilə ürəkdən təbrik edirəm, hər bir Azərbaycan ailəsinə yeni uğurlar, xoşbəxtlik arzulayıram. Müsahibəyə görə milli mətbuatımızda müstəsna xidmətləri olan “Xalq qəzeti”nə səmimi təşəkkürümü bildirirəm. Müsahibəmi böyük şairimiz Səməd Vurğunun sözləri ilə bitirmək istərdim:
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma Vətənimsən.
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!!!
Müsahibəni qələmə aldı:
“Xalq qəzeti”