Arvadının yeməyini bəyənməyən kişi ona şiddət göstərdi — TƏFƏRRÜAT

Arvadının yeməyini bəyənməyən kişi ona şiddət göstərdi — TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdəmir rayonunda 1977-ci il təvəllüdlü Elman şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Leylaya (adlar şərtidir – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Kürdəmir rayonunun kəndində baş verib. Elman yaşadıqları evdə arvadı Leylanın ona hazırladığı yeməyin dadının xoşuna gəlməməsi səbəbindən aralarında ailə münasibətləri zəminində yaranmış mübahisə zamanı yumruqla onun sifət və baş nahiyələrinə qəsdən bir neçə dəfə vurub.

Bu zaman qadın yerə yıxılıb. Elman isə yerdə olan arvadının əlləri ilə boğazından tutaraq sıxıb və təpiklə bədəninin müxtəlif nahiyələrindən qəsdən bir neçə dəfə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Elmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Leyla onun arvadıdır, birgə nikahlarından doğumuş 3 uşaqları var: “Ailə münasibətlərimiz baş tutmadığından nikahlarımız 2022-ci ildə məhkəmə qətnaməsinə əsasən pozuldu. Lakin qalmağa yerim olmadığı üçün Leyla ilə bir evdə yaşamağa davam etdim. Oktyabrın 4-də, saat 14 radələrində yaşadığımız evdə hazırladığım yemək üstündə Leyla ilə aramızda mübahisə baş verdi. Mübahisə zamanı Leyla yüksək səslə danışdığı üçün əsəbləşərək onun üz nahiyəsinə şillə ilə bir neçə dəfə vurdum. Hadisə yaşadığımız evdə baş verib. Hadisə zamanı evdə ikimizdən başqa heç kəs olmayıb. Sonradan etdiyim hərəkətlərə görə peşman olmuşam. Arvadım ilə barışmışam, məni bağışlayıb”.

İş üzrə zərərçəkmiş Leylanın sözlərinə görə, həyat yoldaşı Elman ilə münasibətləri pozulduğundan nikahları 2022-ci ildə Kürdəmir Rayon Məhkəməsinin qərarı ilə pozulub: “Nikahımızın  pozulmasına baxmayaraq bir evdə yaşamağa davam etmişik. Hadisə günü, saat 14 radələrində yaşadığımız evdə olarkən hazırladığım yeməyin yaxşı olmadığını bəhanə edərək mənimlə mübahisə etdi. Mübahisə zamanı Elman ünvanıma nalayiq ifadələr işlədərək əli ilə üz və baş nahiyəmdən dəfələrlə yumruqla vuraraq yerə yıxdı. Yerə yıxılan zaman boğazımdan tutaraq sıxdı və sonra bədənimin müxtəlif nahiyyələrinə təpiklə vuraraq məni döydü”.

Bu cinayət işinə Kürdəmir Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasının nəzərə alıb. Bu səbəbdən Elmanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.