Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qatili Mövlüd Mert Altıntaşın evində aparılan axtarışlar zamanı bir qeyd tapılıb.
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qatili Mövlüd Mert Altıntaşın evində aparılan axtarışlar zamanı bir qeyd tapılıb.
TİA.AZ “Milliyyət” nəşrinə istinadən xəbər verir ki, qeyddə ABŞ və Rusiyanın sonunun yaxınlaşdığı bildirilir.
“ABŞ və Rusiyanın sonu yaxındır. Artıq qiyam vaxtıdır. Diyarlarımız özünü təhlükəsiz hiss etmədikcə, sizlər də diyarlarınızda təhlükəsiz olmayacaqsınız”, – qeyddə deyilir.
Eyni zamanda qeyddə ərəb dilində “Allahu Əkbər” yazılıb. Qeyddə həmçinin islama qarşı ən vəhşi səlib müharibəsinin olduğundan bəhs edilir.
Məlumata görə, qatilin evində ərəb əsilli bir yazıçının kitabı və sözügedən qeyddən başqa ciddi heç nə tapılmayıb. Bir dini məzmunlu kitabla təcavüzkarın radikallaşmasının mümkün olmadığı, bunun ancaq hücumun arxasındakı gücləri gizləmək məqsədi ilə evdə saxlandığı ehtimal edilir.
Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada silahlı hücuma məruz qalıb. Hücum səfirin Ankarada Müasir Sənətlər Mərkəzində keçirilən rəsm sərgisinin açılışında iştirakı zamanı təşkil edilib. Səfir aldığı yaralardan xəstəxanada həyatını itirib.