Arıqlamaq üçün dərmanlar: onlar xərçəng yarada bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq çəkidən azad olmaq, formada qalmaq hər bir qadının arzusudur. Yayın gəlişi ilə qadınlar tez arıqlamaq üçün müxtəlif üsullardan istifadə edirlər.  

Artıq çəkidən azad olmaq, formada qalmaq hər bir qadının arzusudur. Yayın gəlişi ilə qadınlar tez arıqlamaq üçün müxtəlif üsullardan istifadə edirlər. 

Bunlardan biri də çəki atmaq üçün olan dərmanlarıdır.

Vaxtaşırı reklamları ilə rastlaşdığımız bu dərmanlar apteklərdə reseptsiz satılır. Bu dərmanlar nəinki insanı arıqlatmır, əksinə, orqanizmdə daha böyük fəsadlar törədə bilir. Bu dərmanlardan istifadə hətta xərçəng xəstəliyinin yaranmasına da səbəb ola bilir.

Satışda arıqlama vasitələri – o cümlədən, müxtəlif adlarda bu təyinatlı bitki çayları, kofelər və həblər var. Qiymətləri 5 manatdan 50-60 manatadək dəyişən dərmanların alıcılarının da az olmadığı bəllidir.

Məsələn, “Elit“ aptekdən bildirdilər ki, “Ksenikal” – 66.90 manat, “Qrasiya kapsul” – 40 manat, “Şokolad Slim” – 24 manat və başqa müxtəlif qiymətli dərmanların satışı həyata keçirilir.

Həmin dərmanların içindəki təlimata uyğun şəkildə istifadə edildikdə sağlamlığa heç bir ziyanının olmadığı qeyd edilib.

“Zəfəran” aptekdən bildirdilər ki, ən çox istfadə olunan arıqlama dərmanı “Qrasiya”dır və bu dərman iştahanı azaldaraq çəkinin düşməsinə səbəb olur. Qiyməti 47.50 manatdır. Ancaq tək halda da satışı mümkündür. Bu zaman bir listin qiyməti 9.50 manat olur.

Məsələ ilə bağlı Axar.az-a danışan həkim-dietoloq Leyla Zülfüqarlı “arıqlama dərmanı” deyilən bir anlayışın olmadığını bildirib:

“Sağlam qidalanmada bu dərmanların heç adı çəkilmir. Yəni bu dərmanların istifadəsi professional nöqteyi-nəzərdən sadəcə absurddur. Özfəaliyyət və biznes maraqları xatirinə hansısa şirkətlərin qazanc mənbəyidir. Mən pasientlərimə verdiyim informasiyada və istifadə etdiyim müalicə proqramında bu preparatları dəstəkləmədiyimi qətiyyətlə bildirirəm. Çünki bu dərmanlar orqanizmə narkotik effekti verdiyinə görə insanlar sonradan o vasitələrdən asılı vəziyyətə düşürlər. 2-ci ən böyük təhlükəli məqam isə odur ki, həmin dərmanları təqdim edənlər həblərin bitki mənşəli və tamamilə ziyansız olduğunu, sadəcə iştahanı kəsdiyini bildirirlər. Bu sözün özü belə vasitələrin nə qədər təhlükəli ola biləcəyini göstərir. Çünki normal şəkildə insanın iştaha refleksi olmalıdır. İştahanın olmaması qeyri-normal haldır. İştahasız olsaq, bütün fermentlərini ifraz edən orqanlara qida daxil olmasa, orqanizmi müəyyən xəstəliklər gözləyir. Hətta xərçəngə də gətirib çıxarır”.

Dietoloq tez arıqlama sindromunun məsələyə qeyri-peşəkar yanaşma tərzi olduğunu qeyd edib:

“Əgər hər hansı bir dietoloq ona müraciət edən xəstəyə 1 ay ərzində 10 və ya da daha çox kilo itirmək üçün məsləhət verirsə, bu, onun qeyri-peşəkarlığını göstərir. Özünə dietoloq deyən bu cür qeyri-peşəkar insanlar arıqlama preparataları vasitəsilə insanları aldadırlar”.

Dietoloq vurğulayıb ki, dünya ölkələrində bu dərmanlardan istifadə edənlər arasında ölüm hallarına da rast gəlinib:

“Bu cür ölümlərin dəqiq statistikası verilməsə də, ölkələr faktları da gizlətmir. Azərbaycanda da bu vasitələrdən istifadə edənlər arasında neqativ hallar az olmayıb. Pasientlərimiz arasında bu dərmanların ağır fəsadlarına məruz qalmış insanlar az deyil”.