Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida məhsulları ilə bağlı hər hansı bir şübhəli hallarla rastlaşdıqda agentliyə müraciət etməyi tövsiyə edir.
Azərbaycan dövlətinin əhalinin ərzaq məhsulları ilə təminatı strategiyasında qida təhlükəsizliyi olduqca mühüm əhəmiyyət kəsb edir. Qida təhlükəsizliyi insan sağlamlığı, ətraf mühitin mühafizəsi sahəsində ciddi rol oynayır və milli genefondun qorunmasında, sağlam nəslin yetişdirilməsində əsas amillərdəndir.
Ona görə də, dövlətimiz öz sosial-iqtisadi siyasətində qida təhlükəsizliyini daim diqqət mərkəzində saxlayır, əhalinin sağlam qida məhsulları ilə təmin edilməsi məsələsini ən önəmli tədbirlər sırasına daxil edir.
AQTA müxtəlif növ qida məhsulları haqqında heç bir elmi mənbəyə, fakta, ciddi araşdırmaya söykənməyən, vətəndaşlar arasında birmənalı qarşılanmayan məsuliyyətsiz açıqlamalara münasibət bildirib. Qurumun Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsindən TİA.AZ-a bildirilib ki, agentliyinə mənşəyi məlum olmayan qida məhsulları, o cümlədən dönərlə bağlı rəsmi şikayət daxil olmayıb. Qurum əhalinin nəzərinə çatdırır ki, qida məhsulları ilə bağlı hər hansı bir şübhəli halla rastlaşdıqda, dərhal həmin qida məhsulunun istehsal olunduğu müəssisənin hüquqi ünvanı və ya qida məhsulunun satışının həyata keçirildiyi satış nöqtəsi barədə Qida Təhlükəsizliyi Agentliyinin (012) 377-00-77 telefon nömrəsinə zəng vuraraq, yaxud rəsmi müraciət edərək məlumat verə bilər.