Paytaxtda fəaliyyət göstərən marketlərin birində kiflənmiş “Fruttis” yoğurtları satılır.
Bu barədə məlumatı əməkdar jurnalist Ləman Ələşrəfqızı yayıb.
O, sözügedən yoğurtun fotosunu paylaşaraq, bu sözləri yazıb:
“Bu şəkli mənə dostlarımdan biri atıb. Səhər marketdən alıb, istehsal tarixi bitməyib. Gəl ki, üstündə ot bitib. Yoğurt elə məhsuldur ki, xüsusilə uşaqlarımıza alırıq. Mənim eşitdiyimə görə, işbazlar vaxtı keçən məhsulların üstündəki tarixi silib, yeni tarix yazmaqdan belə çəkinmirlər. Bu yaxınlarda mənim də başıma gəlmişdi. Türkiyə istehsalı “Labne” aldım, o da eynən belə çıxdı. Özü də “Labne” bahalıdır. Pula da heyf, canımıza da”.
***
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva bildirib ki, sözügedən məhsulun saxlanma şəraitinə düzgün riayət edilməyib:
“Bu məhsulda ilkin baxışdan görünür ki, saxlanma qaydalarına əməl edilməyib. Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin “1003 çağrı mərkəzi”nə də müraciət daxil olub. Agentlikdə aidiyyəti üzrə araşdırmalara başlanıb və nəticələri barədə məlumat veriləcək”.
A.Fərzəliyeva bildirib ki, agentlik tərəfindən ölkədə istehsal edilən və ölkəyə idxal edilən bütün qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri aparılır:
“Ləman xanım kimi, digər bütün istehlakçılar həssas yanaşsa və qida sahəsində qarşılaşdıqları belə problemləri bizə bildirsələr, yaxşı olar. Əgər vətəndaşlar bu kimi hallarla marketlərdə qarşılaşsalar, agentliyin “1003 çağrı mərkəzi”nə zəng edib məlumat verə bilərlər”.