Hələ də marketlərdə və bazarlarda keyfiyyətsiz məhsullar satılır. “Mərcan Broyler”, “Siyəzən Broyler”, “Şəfa Broyler” kimi firmaların məhsulları dadına, qoxusuna görə çox adamın narazılığına səbəb olur. Bəzi qəndlərdə təhlükəli ağardıcı boyalardan istifadə edildiyi deyilir, süd məhsullarında normadan artıq qatqılar tapıldığı fikri var, dönərdən, başqa qidalardan zəhərlənmələr artır və bütün bunlar haqlı narazılıq yaradır. Amma bu məhsullara qarşı Qida Təhlükəsizliyi Agentliyi nə narahat olur, nə tədbir görməyə tələsir.
Bu sözləri Tribunainfo.az-a qida üzrə ekspert İlkin Məmmədkərimovbildirib . O qeyd edib ki, Avropada belə qurumlar hansı məhsulda pozuntu varsa, hamısını açıq şəkildə paylaşır, istehlakçı da bilir ki, hansı markadan uzaq durmalıdır:
“Bizdə isə ümumi sözlər deyilir, amma kimin məhsulu təhlükəlidir, kim qaydanı pozub — bunlar demək olar açıqlanmır. Elə bil, istehlakçı üçün əsas olan məsələ arxa plana atılır. Üstəlik, çox adam deyir ki, kiçik dükanlara və kiçik istehsalçılara sərt yanaşırlar, amma böyük şirkətlərə, tanınmış markalara qarşı çox yumşaq davranırlar. Bu münasibət də böyük, tanmış şirkətləri qudurdur.
AQTA yaradılarkən verilən vədlər yerinə yetirilməyib. Keyfiyyətsiz broylerlər, qatqılı və təhlükəli qidalar hələ də süfrəmizə gəlir. İstehlakçı isə hələ də aldığı məhsulun doğrudan da sağlam olub-olmadığına əmin ola bilmir. Çünki vətəndaş AQTA-ya da inanmır, aldığı məhsula da. Hələ də marketlərdə vaxtı ötmüş qidalar varsa, vətəndaşn xəbəri olmasa vitrindən yığışdırılmırsa, vətəndaşın məlumatı əsasında yoxlamalar, araşdırmalar aparılıb tədbir görülürsə bu agentliyin işinə şübhə etməyə dəyər. AQTA-nın market vitrinlərindən, toyuq, ət, balıq, paketli, paketsiz heç bir qidanın tərkibindən, keyfiyyətindən xəbəri yoxdur. Bizdə araşdırma ancaq kimsə zəhərlənəndə aparılır”.
Gülşən Rəsul