Apple korporasiyası ilin dördüncü maliyyə rübündə iPhone satışlarını qiymətləndirib. Tribunainfo.az Business Insider-ə istinadən xəbər verir ki, şirkət 102,5 milyard dollar gəlir və 27,5 milyard dollar xalis mənfəət əldə edib.
Apple xüsusilə payız rübündə əldə olunan rekord gəlirə diqqət çəkib. Şirkətin rəhbəri Tim Kuk bildirib ki, bu nəticə iPhone 17 seriyasının yüksək satışları sayəsində mümkün olub.
Kukun sözlərinə görə, iPhone 17 indiyədək istehsal olunan ən uğurlu iPhone seriyası hesab olunur:
“iPhone Air o qədər incə və yüngüldür ki, sanki bir an sonra əldən uçacaq,” — deyə Tim Kuk zarafatla bildirib.
O, həmçinin Çindəki satış göstəricilərindən “inanılmaz dərəcədə razı” olduğunu qeyd edib.
Apple, qarşıdakı bayram rübünün (Milad mövsümü daxil olmaqla) şirkət tarixində ən gəlirli dövr olacağını da proqnozlaşdırır.
Qeyd edək ki, oktyabrda Mizuho Securities analitikləri iPhone Air modelinin uğursuz olduğunu və zəif satışlara görə Apple-ın bu modelin istehsalını azaltdığını bildirmişdilər.
İmran Kərimli










