Görkəmli Amerika yazıçısı Con Hoyer Apdayk 18 mart 1932-ci ildə Pensilvaniya ştatının Reding şəhərində doğulmuşdur.
Görkəmli Amerika yazıçısı Con Hoyer Apdayk 18 mart 1932-ci ildə Pensilvaniya ştatının Reding şəhərində doğulmuşdur.
İki dəfə Pulitzer mükafatının laureatı olmuş yazıçının ən məşhur əsərləri bunlardır: “Dovşan, qaç”, “Kentavr” və “İstvud ifritələri”.
Apdaykın romanlarının yazılış tərzi və stili oçerk, esse üslubundadır və həmişə hadisələrə təfərrüatlı müəllif şərhləri ilə müşaiət olunur.
Ölümünə üç il qalmış nəşr olunmuş “Terrorçu” yazıçının sayca 28-ci, yəni həm də sonuncu romanı hesab olunur. Burada ədib olduqca ağır mövzuya – “terrorizm”ə toxunmuşdur.
Əsər kiçik şəhərcikdə yaşayan amerikalı gəncin necə terrorçuya çevirilməsindən bəhs edir. Müəllif demək istəyir ki, terrorun irqi dini, milliyəti, ən əsası da bəraəti yoxdur. O kənar müşahidəçi kimi heç bir halda qəhrəmanını təmizə çıxarmır, amma onun tutduğu yola, istiqamətə seyrçi təəsüfünü də gizlətmir. Bütün bunların fonunda Apdayk sanki internet dövründən əvvəlki Amerikanın xiffətini çəkir, onu nostalji cizgilərə bürüyür.
Əslində bu əsər konkret bir din haqqında deyil. Heç qəhrəman da dini fanatik deyil. Əhməd Əşmavi Malloy damarlarında ərəb və irland (aydındır ki, bu təsadüfi seçilməyib) qanı axan dinc fikirli, yumşaq xarakterli gəncdir. O Nyu-Yorka yaxın olan kiçik bir şəhərcikdə yaşayır.
18 yaşlı Əhməd məktəbi bitirir və öz gələcəyi barədə dəqiq təsəvvürə malikdir. O sürücülük vəsiqəsi əldə edib, yük maşını sürücüsü kimi şirkətlərdə işləmək arzusundadır. Bunu üçün gənc xüsusi təlimatlar, kitablar oxuyur.
Oxuduğu məktəbdə başqa həmyaşıdlarından seçilmək istəyən adi bir oğlan olan Əhmədə elə gəlir ki, onu müqəddəs kitabın qaydalarına əməl etməyən, sevimli dinindən döndərməyə çalışan kafirlər ordusu əhatəyə alıb. Gənc öz nəfsini, dinini ətrafını hörümçək toru kimi saran internetin, informasiya kanallarının, televiziya və radionun hər cür haram təbliğat təsirlərindən qorumağa çalışır.
Yalnız öz işlərinə başı qarışmış rəssam anası oğlunun şəxsi həyatı, problemləri, düşüncələri ilə çox da dərindən maraqlanmır. Misirli atası isə, Əhməd hələ kiçik olarkən ailəsini atıb getmişdir. Həyatın yeni mərhələsinə qədəm qoyan gəncin məhz indi arxaya, dayağa, ona düzgün yol göstərən hamiyə ehtiyacı var. O bunları yəmənli Çarli Çehabın, yəhudi Cek Levinin və şeyx Rəşidin timsalında tapmaq ümidindədir. Bəs bunlardan hansı əsl atalıq qayğısı ilə, düzgün məsləhətləri ilə ona doğru yolu göstərəcək!?
Oxucuları və hər kəsi Adaykın ən güclü əsəri sayılmasa da, oxunaqlı bir dildə yazdığı bu maraqlı romanla tanış olmağa dəvət edirəm.
Vüsal Bağırlı