Xəzər televiziyasının aparıcısı Aytən Səfərova beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum edilə bilər.
Tribunainfo.az xəbər verir ki, bu barədə Cinayət Məcəlləsində qeyd edilib. Belə ki, aparıcı barəsində ölümə səbəb olan yol-nəqliyyat hadisəsinə görə cinayət işi başlanıb. Hazırda istintaq prosesi davam edir. Bu barədə məlumatı gununsesi.info əldə etdiyi rəsmi sənədlərə istinadla yayıb.
Belə ki, aparıcı Aytən Səfərova ilə bağlı başladılan Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinə (sürücülük hüququ olmayan şəxsin yol hərəkəti qaydalarını pozaraq ölümə səbəb olması) əsasən, şəxs beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Xatırladaq ki, hadisə ötən ilin aprelində Xətai rayonu ərazisində, 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində baş verib. Aprıcının idarə etdiyi “Hyundai Accent”lə “Hyundai İX-35” markalı digər maşın toqquşub. Qəza nəticəsində “İX-35”də olan Ayxan Əliyev adlı gənc dünyasını dəyişib.
Bir ildən çox davam edən istintaq və ekspertiza nəticələrində qəzanın baş verməsində hər iki sürücünün günahı olduğu müəyyənləşdirilib.
Araşdırmalara əsasən, 19 yaşlı “İX-35” sürücüsü İsmayıl Məmmədov dönmə manevrini ikinci hərəkət zolağından edib və bunu qırmızı işıq yanarkən həyata keçirib. Ekspert rəyinə görə, Aytən Səfərova isə icazə verilən sürət həddini keçib. Bu qayda pozuntusu hadisənin qarşısını almaq imkanını texniki olaraq mümkünsüz edib.
Bundan başqa, müəyyən olunub ki, Aytən Səfərova avtomobili sürücülük hüququ olmadan idarə edib — hadisə vaxtı onun sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitmiş olub.
İstintaq yekununda İsmayıl Məmmədov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (yol hərəkəti qaydalarının pozulması, ehtiyatsızlıqdan insan ölümü ilə nəticələndikdə) ilə ittiham olunub. Zərərçəkmişin ailəsi ondan şikayətçi olmayıb. Məhkəmənin qərarı ilə gənc sürücü məntəqə tipli cəzaçəkmə müəssisəsində 3 il müddətinə azadlıqdan məhrum edilib.
Gülşən Rəsul