Səhiyyə Nazirliyinin həyata keçirmək istədiyi bir çox işlər yarımçıq qalıb. Tribunainfo.az xəbər verir ki, buna səbəb İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin elan edilmiş tenderlərin nəticələrini ləğv etməsidir.
Belə ki, təkcə avqust ayında Səhiyyə Nazirliyinin 10-dan çox tenderini ləğv edən sözügedən qurum, bu dəfə həmin sıraya daha 5 tenderi əlavə edib.
Rəsmi qaynaqlarda qeyd edilir ki, Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdriyyətinin ləğv edilən tenderlərindən biri Gəncə şəhər körpələr evi binasının sökülərək yerində yeni binanın tikintisinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı olub. Adıçəkilən qurum bu məqsədlə 150.750 manat pul ayırmaq fikrindəymiş.
Həmin müdriyyət Səhiyyə Nazirliyinin tabeliyində olan Tibb Müəssisələrinin cari təmir işlərini də reallaşdırmaq planları qurubmuş. Amma Antiinhisar Xidməti elan edilmiş 119.317,50 manatlıq satınalma müqaviləsinin ləğvinə qərar verib.
Üçüncü iş isə Səhiyyə Nazirliyinin tabeliyində olan Tibb Müəssisələrinin əsaslı təmir işlərinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı olub ki, sözügedən xidmət buna da razılıq verməyib. 729.500 manatlıq tenderin məqbul olmadığı qərarı verilib.
Hər üç tenderin ləğvinə səbəb “Dövlət satınalmaları haqqında” qanunun bir neçə tələbinin pozulması olub. Belə ki, Səhiyyə Nazirliyi qanunun 36.1.1-ci maddəsi ilə yanaşı, qiymət şirşirdilməsinə və gizli sövdələşməyə də gedibmiş.