Türkiyə bir sıra ölkələrlə ticarət dövriyyəsini milli valyutalara keçirmək üçün danışıqlara başlayıb.
Türkiyə bir sıra ölkələrlə ticarət dövriyyəsini milli valyutalara keçirmək üçün danışıqlara başlayıb.
APA xəbər verir ki, həmin ölkələr arasında Azərbaycan da var.
Bildirilir ki, Türkiyənin İqtisadiyyat Nazirliyi Azərbaycan, Gürcüstan, Qırğızıstan və İraq kimi ölkələrlə ticarət dövriyyəsinin dollar və avro ilə deyil, milli valyutalarla aparılması üçün artıq təmaslara başlayıb.
Qeyd edək ki, bu yaxınlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Rusiya, İran və Çinə ticarət dövriyyəsinin milli valyutalarla aparılması üçün bu ölkələrin liderlərinə müraciət edib. Onun sözlərinə görə, həmkarları bu təklifi dəstəkləyiblər. Türkiyə prezidenti hesab edir ki, atılacaq bu addım dolların sürətlə bahalaşmasının qarşısını alacaq, eyni zamanda milli valyutanın dəyər qazanmasına səbəb olacaq.
Bildirilir ki, bəzi ölkələr artıq gələn ilin birinci yarısından Ərdoğanın təklifinə dəstək verərək Türkiyə ilə ticarət dövriyyəsində yerli valyutadan istifadə edəcək.
Qeyd edək ki, cari ilin 10 ayının yekunlarına əsasən, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ölkələr arasında ticarət dövriyyəsinin həcmi 1 mlrd. 826 mln. 861,84 min dollar təşkil edib. Azərbaycanın ümumi ticarət dövriyyəsinin 12,91%-i Türkiyənin payına düşür. 10 ay ərzində Türkiyəyə 1,3 milyard dollarlıq mal ixrac edən Azərbaycan hesabat dövründə qardaş ölkədən 954 mln. dollarlıq mal idxal edib.