“Real”ın baş məşqçisi Karlo Ançelotti komandasının Çempionlar Liqasının yarımfinalına adlaması barədə danışıb.
Bu komandalar arasında ilk matç 3:3 hesabı ilə yekunlaşıb. Ötən gün keçirilən cavab oyununun əsas və əlavə vaxtında da qalib müəyyənləşməyib – 1:1. “Real” penaltilər seriyasında rəqibini məğlub edərək (4:3) mərhələ adlayıb.
64 yaşlı mütəxəssis isə qazandıqları qələbəni belə şərh edib:
“Oyuna yaxşı başladıq, irəli getdik. Sonra mübarizə aparmalı, əziyyət çəkməli olduq. “Mançester Siti” oyuna nəzarət edirdi. Çünki biz çox möhkəm müdafiə olunurduq. Penaltilər seriyası başlayanda mərhələ adlayacağımıza tam əmin idik. Mançesterə gəlib qələbə qazanmağın yeganə yolu budur. Bacardığınız qədər çalışmalı, fədakarlıq etməli və qələbə qazanmalısınız”.
Qeyd edək ki, Çempionlar Liqasının yarımfinalında “Real” “Bavariya” ilə qarşılaşacaq. Digər yarımfinalda “Borussiya” (Dortmund) PSJ ilə üz-üzə gələcək.