Azərbaycanın sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Böyük Britaniyada milyonlarla dollar dəyərində olan biznesi üzə çıxıb.
Tribunainfo.az “Azadlıq Radiosu”na istinadən xəbər verir ki, 43 yaşlı Anar Məmmədov Amerika qızartma toyuq zənciri KFC-nin İngiltərədə françayzinqinə milyonlarla dollar xərcləyib.
Məlumata görə, KFC şəbəkəsinə yatırımları Məmmədovun Britaniyadakı biznes və daşınmaz əmlak portfoliosunun – əmlak çantasının bir hissəsidir.
“Transparency International UK” təşkilatının Britaniya torpaq reystrindən əldə etdiyi qeydlərə görə, bu portfolioya Londonun ən bahalı küçələrində toplam dəyəri 30 milyon dolları aşan daşınmaz əmlak da daxildir.
O, bu daşınmaz əmlakın çox hissəsini atasının nazir olduğu vaxtda əldə edib.
Azərbaycan mediasında Məmmədovun Britaniyada KFC restoranlarını satın alması barədə 2022-ci ilin sonlarında ilk dəfə məlumat yayılanda onun atası, keçmiş nəqliyyat naziri Ziya Məmmədov oğlunun Britaniyada bir dənə də restoranının olmadığını söyləmişdi.
“O xəbəri kim yazıbsa, gedib o restoranı tapsın. Onda mən o restoranı həmin adama verəcəyəm. 30 il olar, cəfəngiyyat yazırlar… Anarın Britaniyada restoranı yoxdur”.
Ancaq araşdırma A.Məmmədovun hazırda İngiltərənin şimal-qərbində azı 20 restoranının olduğunu üzə çıxarıb. O, anonim ofşor şirkətindən yararlanaraq, azı, 10 il öncədən həmin sərmayəsini yatırmağa başlayıb.
A.Məmmədov İngiltərənin Liverpul, Uiqan, Bolton və Preston kimi şəhərlərindəki daşınmaz əmlak portfoliosu, yaxud KFC restoranları ilə bağlı açıqlama xahişlərinə cavab verməyib. KFC və onun ABŞ-dakı “Yum! Brands” ana şirkətinə sorğular araşdırma dərc olunanadək cavabsız qalıb.
Telefonla əlaqə saxlanılan Z.Məmmədovsa Azərbaycanın nəqliyyat naziri olduğu dövrdə ona qarşı irəli sürülən ittihamlarla bağlı şərh verməkdən boyun qaçırıb. “Qoy kim nə istəyir, danışsın. Allah hər şeyi görür”, – ata Məmmədov AzadlıqRadiosuna belə deyib.
Z.Məmmədov oğlunun Britaniyadakı KFC biznesinə dair daha öncəki müsahibəsi haqda suala cavab olaraq “Çox sağ olun, salamat qalın. Sağ olun!” deyərək dəstəyi asıb.
A.Məmmədovun İngiltərədəki KFC portfoliosuna indi, azı, 20 restoran daxildir. Bu restoranlar onun Britaniyadakı şirkətinin üç törəmə şirkətinə aiddir.
Britaniyanın Torpaq Reyestrinə aid qeydlər Məmmədovun “Amber Restaurants Limited”, “BJR Foods Limited” və “Colonel Foods Limited” adlı bu üç törəmə şirkətdən burada, azı, 26 məkanı icarəyə götürmək üçün istifadə etdiyini göstərir.
Ən son maliyyə hesabatlarına görə, Məmmədovun “1st Rate Investments (UK) Limited” şirkətinin 2021 və 2022-ci illər üçün orta dövriyyəsi 50 milyon dollar civarında, səhmdarların vəsaitləri isə 2022-ci ildə 7 milyon dollar məbləğində olub.
Maliyyə hesabatları Məmmədovun Britaniya Vircin adalarında nəzarət etdiyi “1st Rate Investments Limited” adlı şirkətin Britaniyadakı KFC bizneslərinə 10 milyon dollardan çox faizsiz kredit göndərdiyini göstərir.
Maliyyə sənədlərindən görünür ki, Məmmədov sonradan öz KFC biznesindən milyonlarla dolları kredit və dividentlər şəklində yenidən özünün Vircin adalarındakı şirkətinə köçürüb.