backend

“Ananı öldürən milyonçu oğlu… “- Zahid Oruc

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə rəhbərinin idarəçilik fəlsəfəsi məsuliyyətlilik, şəffaflıq, hesabatlılıq, abadlıq, cəmiyyətə açıqlıq, sadəlik üzərində qurulub. Bunu hər kəs özü üçün bir nümunə götürməlidir. 

Ölkə rəhbərinin idarəçilik fəlsəfəsi məsuliyyətlilik, şəffaflıq, hesabatlılıq, abadlıq, cəmiyyətə açıqlıq, sadəlik üzərində qurulub. Bunu hər kəs özü üçün bir nümunə götürməlidir.

TİA.AZ xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc milyonçu, iş adamı Füzuli Fərəcovun 14 yaşlı oğlu Ağəlinin bahalı maşınla yüksək sürətlə 24 yaşlı iki uşaq anasını vurub öldürməsi olayına münasibətində deyib. Deputat Musavat.com-a açıqlamasında bildirib ki, Prezidentin özü, ailəsi və övladları həmin xətt üzrə ötən illər ərzində Azərbaycan cəmiyyətinə yüksək ləyaqətlə xidmətin nümunəsini yaradıblar:

“Onminlərlə insan Heydər Əliyev Fondunun xətti ilə yardımlar alıb. Lakin paralel şəkildə siz virtual məkanda və digər informasiya müstəvilərində hörmətli Leyla xanım Əliyeva tərəfindən ayrı-ayrı insanlara yardım, xeyirxahlığın bölüşdürülməsi, hansısa məqamda insanlara xüsusi köməkliklərin göstərilməsi və ya Azərbaycan mənafeyinə bağlı çağırışlarda bulunması barədə informasiyalar yayıldığını müşahidə edirsiniz. Bunlar məncə ən yaxşı nümunədir. Ölkənin birinci şəxsinin övladı bax bu cür ən yaxşı nümunə göstərir. Hər kəs bu nümunələri öz fəaliyyətində təkrar eləməlidir. Mənə elə gəlir ki, ötən illər ərzində cənab Prezidentin məmurlara çağırışları məmurlar tərəfindən böyük dərəcədə qəbul olunub. Bu çağırışlara əməl olunması yönündə addımlar atılmaqdadır. Ən azı idarəetmə sisteminə bağlı qeyd olunan əvvəlki problemlər xeyli dərəcədə azalıb”.

Millət vəkili cəmiyyətdə bəzən məmur olmayan imkanlı şəxslərin, varlı adamların, onların övladlarının hansısa fəaliyyətinin hakimiyyətlə əlaqələndirilməsi meylinin müşahidə olunmasından təəssüfünü də bildirib:

“Xüsusilə, 14 yaşlı uşağın törətdiyi son avtomobil qəzası hadisəsində iqtidarın məsuliyyətini axtarmaq olmaz. Cənab Prezident də vaxtı ilə söyləmişdi ki, əgər hansısa bir biznes adamı qanunun əleyhinə, ictimai mənəviyyat ziddinə addımlar atırsa, öz zənginliyini nümayiş etdirib başqalarının kasıblığına həqarət etdirirsə, özünə zərbə vurur. Ona görə də ümumən hesab edirəm ki, məmur etikası məsələsində Azərbaycan cəmiyyətində bərkimiş mövqelər ən yüksək şəkildə bu dövlətin siyasi beyin mərkəzi institutu tərəfindən nəzərə alınır. Məmur sistemi həddən artıq genişdir və istəmirəm ki, istənilən bir problemi ümumiləşdirilmiş şəkildə məmurlar əleyhinə çevirək”.

Z.Oruc vurğulayıb ki, vətəndaş maddi zənginliyə qovuşubsa, nəzərə almalıdır ki, bu, başqası üzərində hökmranlığa səbəb ola bilməz:

“Yaşayış minimumunu müəyyənləşdirmək mümkün olsa da, yaşayış maksimumu haqqında heç bir qanun, limit yoxdur. İnsanların istədikləri qədər var-dövlət əldə etmək hüquqları var. Məşhur Rokfeller dəfələrlə ürək əməliyyatına getməsinə, on dəfələrlə qara ciyərini dəyişməsinə baxmayaraq, əbədi ömür hasil eləyə bilmədi, o sərvət Rokfelləri bu dünyada əbədi saxlamadı. Çünki əbədi bu dünyada qalmaq mümkün deyil. Varlı olmaq özünü öymək, kasıb olmaq başını aşağı dikmək vasitəsi ola bilməz. Bir imkanlı iş adamının övladının törətdiyi məlum hadisənin ölkədə məmurlar sisteminin əleyhinə çevrilməsini istəmirəm”.

Qeyd edək ki, sözügedən olay 3 mayda baş verib. Ağəlinin həddi-büluğa çatmaması səbəbindən cinayət məsuliyyətinə cəlb olunmayacağı barədə xəbərlər isə birmənalı qarşılanmayıb.