“Bir əsr öncə yazılmış hansısa əsər günümüzdə aktualdırmı” sualının birmənalı cavabı olmur bəzən. Cəlil Məmmədquluzadənin “Anamın Kitabı” dramı üzrə bu günlərdə ingilis dilində izlədiyim tamaşa hələ bir əsr öncə mövcud olan problemlərə bu günün prizmasından olan yanaşmanı əks etdirir. Bir tərəfdən zaman dəyişib, texnologiya hər gün yenilənir, kütləvi savadsızlıq aradan qalxıb, digər tərəfdən insan elə həmin insandır. Xislətində eyni neqativ düşüncə, pul, var-dövlət hərisliyi, pis niyyət toplumu yerində qalmaqdadır.
Akademik Musiqili Teatrının səhnəsində rejissor İradə Gözəlovanın quruluşunda reallaşan bu tamaşa əslində ötən əsrdə baş verənləri yox, bu günümüzü, kompüter, smartfonla dolu olan müasir ofisdəki durumu göstərir.
Cəlil Məmmədquluzadənin yazdığı bu tragikomediyanı məktəb dövründə oxumuşdum. Əlbəttə o zamandan bəri mən də dəyişmişəm, amma əsər və yazıçının verdiyi mesaj hələ də aktualdır. Bir cümlə qurarkən həm Türkiyə türkcəsində, həm də ingilis, rus, Azərbaycan dillərindən toplanmış söz kokteylini işlədən bir tələbə kimi səhnədə sanki özümü gördüm. Düşünürdüm, bu mənim problemimdir, dilimi yaxşı istifadə etmirəm. Di gəl, o “ədəbazlar”dan biri elə özüməm. Tamaşanı izləyərkən problemin tək mənə bağlı olmadığı anladım.
Tamaşada əsərdə olduğu kimi üç fərqli dili, dini, düşüncəsi olan qardaşlar – Rüstəm, Səməd və Məmmədəli, onları belə görüb kədərlənən anaları və evlilik yaşına çatdığı üçün “mütləq evlənməlidir, evlənəcəyi adamı tanımasa da olar” düşüncəsi ilə “satılan” bacıları Gülbahar vardı. Əsərdən fərqli olaraq hadisələr dil kursunun xeyriyyə məsələsinə bağlı iclasında baş verirdi. Xeyriyyə desək də, əslində məqsəd biznesi genişləndirmək idi.
Tamaşa ofisdə işləyən qardaşların söhbəti ilə başlayır. Əsərdən fərqli olaraq Səməd türk yox, ingilis dilini təbliğ edir, Rüstəm və Məmmədəli Allahın mövcudluğu ilə bağlı mübahisədən əl çəkmirlər. Anaları gəlir və daha vacib olduğunu düşündüyü məsələni – bacılarının izdivacının önəmini vurğulayaraq mübahisəni bitirir. Əsərdə olduğu kimi hərə öz təklifini deyir: Rüstəm rusdilli “Qasançik”i, Səməd ingilisdilli “Maykl”ı, Məmmədəli isə dindar dostu Baxşəlini tövsiyə edir. Əlbəttə bacıları heç onları tanımaq da istəmir. Ana isə insanların klaviatura arxası səslərdə gizlənməyindən yorulub çıxıb gedir.
Əsərdə olduğu kimi pulu və gözəlliyi olduğu üçün özünü hər kəsdən üstün tutan, inancından və dilindən asılı olmayaraq bütün kişilərin əldə etməyə çalışdığı, geyim tərzinə görə “yoldan kənar” adlandırılan Zivər xanım ofisə gəlir. Bu səhnənin təsvirini ayrı bəyəndim, çünki qadının necə cinsi obyekt kimi göründüyü aydın təsəvvür edilmişdi. Nə deyirsən de, mənası yoxdur, ehtirası özünə güc gələn kişilərin əhatəsindəsən bir növ. O xanımdan daha fərqli düşüncə sahibi olsam da, qadını ofis masaları ilə əhatəyə alıb şüşəni döyəcləyən qardaşların davranışı məni də narahat etdi. Səs və işıqların istifadəsinə söz ola bilməzdi.
Fərqli dilləri, düşüncəni təbliğ edən qardaşlar Gülbaharı razı salmağa çalışırdılar. Bu zaman tamaşaçılar qismindən bir nəfər ayağa qalxıb ingilis dilinə etirazını bildirdi. Bir an elə bildim həqiqətən səhnədə baş verənlərə qarşı çıxır. Həm həyəcanlandım, həm də qorxdum, amma o və ondan sonra ayağa qalxan digər şəxsin hər ikisi də aktyor imiş. Bu tərz hadisələr, bizə tamaşanın içində olduğumuzu hiss etdirdi. Sanki auditoriya deyil, iştirakçı idik. Açığını deyim, heç gözləmirdim. Bu ideyanı düşünüb reallaşdıranlara alqış düşür.
Səhnədə mübahisə davam edir, qardaşlarını ayırmağa çalışan Gülbahar yıxılır və həmin tamaşaçı qismində çıxış edən və Qurban rolunu ifa edən aktyor köməyə tələsir. Bu səhnə də çox güclü təsirə malikdir.
Mübahisə böyüyür. Qardaşlar çıxıb getmək istəyir. Gülbahar əşyaları gizlədir. Ana kitabında qeydlər aparır. Polislə olan səhnə isə ən sevdiyim səhnələrdən biri oldu. Polis rolunu ifa edən aktyor rolu yaşadı. Həm də davranışı gülüş doğurdu. İngiliscə danışmaq istəməyib öz dilimizin məişət üslubundan yararlanması mənə çox doğma gəldi.
Hər qardaşın özünə uyğun təsviri və ləhcəsi vardı. Rüstəm sonradan ingiliscə öyrənmiş rus, Səməd əsil ingilis, Məmmədəli isə Ərəbistandan gəlmiş dindar kimi danışırdı. Rüstəmin içkili vəziyyətdə rusca söyüş söyməsi, Səməd üçün Maykl Ceksonun mahnısının çalınması və Məmmədəlinin zəng səsinin, hətta kompüterinin açılışının dinlə əlaqəli olması obrazlara ayrı rəng qatmışdı. Gülbaharla Qurbanın səhnələri isə indiki dövrdə çox axtardığımız saf sevginin təcəssümünə bənzəyirdi.
Ümumiyyətlə, tamaşada müasir dövrün elementləri – texnologiya, musiqi, səhnədə verilən görüntülər, beyin illüziyaları, hətta rep ifası yeni nəslin nümayəndəsi kimi ayrı zövqümü oxşadı. Bir an belə sıxılmadım. Əjdaha səhnəsi bir az artıq görünsə də, tamaşaya rəng qatmışdı. Sonluğun “Ana” mahnısının ifası ilə bitməsi məni duyğulandırdı. Hətta tamaşadan sonra anama zəng edib səsini duymaq ehtiyacı hiss etdim. O gün bir daha anamın sağlığı üçün şükür etdim. Verilən ən güclü mesajlardan biri də məncə bu idi. Valideynin qiymətini sağlığında bilməliyik yəqin…
Tərcüməçi obrazı, məncə, ən gülməli personaj idi. Zarafatları, əlaqəsiz yerlərdə dediyi sözlərə görə bəlaya düçar olması çox xoşuma gəldi. Onu əvvəlcə qardaşlardan biri hesab etmişdim. Amma axır gəldiyim nəticəyə görə deyildi. Ümid edirəm, düz anladım.
Aktyorlar bizə əsil sənəti göstərdilər. Onlar yalnız rollarını mahir ifa etmədilər, eyni zamanda möhtəşəm musiqi səsləndirdilər, rep dedilər, rəqs etdilər. “Z” nəslinin nümayəndəsi kimi deyirəm ki, “Anamın kitabı”na baxmağa dəyərdi.
Selcan Zaurqızı