Bir müddət əvvəl tender elan edərək, 31.5 ton it yemləri alan ANAMA, daha iki tender elan edib. Tribunainfo.az xəbər verir ki, Azərbaycan Minatəmizləmə Agentliyinin birinci tenderi itlər üçün aksesuarların satın alınmasını ehtiva edir.
Bildirilir ki, agentlik yeni satınalma prosesi çərçivəsində itlər üçün aksesuarların alınmasına 156.295,55 manat xərcləyəcək.
Agentliyin ikinci tenderi isə ilan zəhəri əlehinə zərdabın satın alınması ilə bağlıdır. Bunun üçün qurum 10.365,30 manat xərcləməyi düşünür.
Qeyd edək ki, ANAMA əməkdaşlarının hazırda işlədikləri ərazilərdə zəhərli ilanların sayı çoxdur. Bu zaman orada çalışan minatəmizləyənlərin ilan sancmaları ilə üzləşməsi də sirr deyil. Lakin ilan zəhəri əleyhinə zərdabın alınması prosesinin ANAMA-ya heç bir aidiyyatı yoxdur. Bu məsələ birbaşa Səhiyyə Nazirliyinin kompitensiyasındadır. Və onların birbaşa vəzifəsidir ki, ilan sancmış şəxsləri zərdabla təmin etsin. Həmin zərdablar isə ölkənin bütün xəstəxanalarında mövcuddur.
ANAMA-nın elan etdiyi tenderin məntiqindən belə anlaşılır ki, hər bir qurum ayrı-ayrılıqda zərdab almalıdır. Yəni, sabah FHN, Müdafiə Nazirliyi və sairə bu addımı atmalıdırlar. Əslində isə bu, Səhiyyə Nazirliyinin səlahiyyətini mənimsəmək, özünü “müstəqil” qurum kimi təqdim etməkdir.