“MƏNİM VƏ ÖVLADIMIN BAKIYA GƏLMƏSİNƏ YARDIM EDİN”
Nazirlər Kabineti yanında Operativ Qərərgah koronavirus pandemiyası ilə əlaqədar olaraq xaricdə yaşayan Azərbaycan vətəndaşlarını hissə-hissə ölkəyə gətirəcəklərini açıqlamışdı. Tia.az xəbər verir ki, digər ölkələrdə bu prosesi hökumətlər həyata keçirir və bunun üçün heç bir gediş haqqı almırlar. Lakin Azərbaycanda nəinki biletin pulu vacibdir, üstəlik, AZAL məsələni qazanc yerinə çevirib.
Qeyd edək ki, Rusiya sərhəddində yüzlərlə azərbaycanlının aylardır ölkəsinə keçə bilməməsi, habelə onların dözülməz şəraitdə yaşamaları xeyli müddətdir məlum idi. Bir neçə gün əvvəl rus polisinin düşərgədəki insanların etirazına sərt reaksiya verməsi və 10-dan çox vətəndaşımızın həbs olunması göstərdi ki, rəsmi qurumlar bu prosesə də çox pis hazırlaşıb. Halbuki həmin şəxsləri vaxtında Azərbaycan tərəfinə keçirmək mümkün idi.
JAMAZ.İNFO xəbər verir ki, Türkiyədə yaşayan və orda təhsil alan onlarla Azərbaycan vətəndaşı da çətin durumdadır. Artıq iki gündür vətəndaşlarımız İstanbuldakı Azərbaycan Səfirliyinin önünə toplaşaraq, onlardan dəstək istəyirlər. Lakin səfirlik və konsulluq onların suallarına cavab verməkdə tələsmirlər.
Bu əsnada, İstanbulda Azərbaycan vətəndaşı Ravilə Puçaxova və onun 2 yaşlı oğlu Süleyman da çətin vəziyyətdə yaşayır. Belə ki, karantindən xeyli öncə Türkiyəyə gedən Ravilə və oğlu, geri qayıda bilmirlər. Bununla əlaqədar Türkiyədəki Səfirlik və Konsulluğumuza etdiyi müraciətlərə də cavab verən yoxdur.
Ravilə Puçaxova JAMAZ.İNFO-ya bildirib ki, aylardır dost-tanışın evində qalır. Onun sözlərinə görə, himayəsində körpə uşaq olduğundan işləyə də bilmir. “Dost-tanış evində qalırıq. Dəfələrlə Azərbaycana getmək üçün müraciət etsəm də, heç bir xeyri olmadı. Deyilənə görə, burada bileti 500 dollara satırlar. Onu da deyirlər ki, kim tez getmək istəyirsə, gərək, siyahıya düşmək üçün əlavə pul versin. Mənim elə imkanım yoxdur”.
Qeyd edək ki, 2 yaşlı Süleyman Puçaxovun ümumvətəndaşlıq pasportunun vaxtı da iyunun 18-də başa çatıb.
Körpə uşaqla çıxılmaz vəziyyətdə qaldığını deyən Ravilə Puçaxova mətbuat vasitəsi ilə Azərbaycan rəsmilərinə müraciət edib: “Mən Bakıdakı rəsmilərimizə müraciət edirəm. Xahiş efirəm məni və iki yaşlı körpəmin Azərbaycana qayıdışına köməklik göstərəsiniz”.
Rəsmi dairələrin bu məsələyə reaksiya verəcəyi və həmin ailənin Bakıya gəlişini təmin edəcəyinə ümid edirik.