backend

Amsterdamda Firəngiz Əlizadənin “Nasimi Passion” əsərinin premyerası olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amsterdamda Firəngiz Əlizadənin “Nasimi Passion” əsərinin premyerası olub 

Amsterdamda Firəngiz Əlizadənin “Nasimi Passion” əsərinin premyerası olub


TİA.AZ xəbər verir ki, may ayının 28-i Azərbaycan peşəkar bəstəkarlıq məktəbinin ən görkəmli nümayəndəsi, müasir musiqinin dünya miqyasında ən parlaq nümayəndələrindən sayılan, əsərləri ən məşhur orkestrlərin repertuarlarını bəzəyən, adlı- sanlı konsert salonlarında dəfələrlə möhtəşəm müəllif konsertləri təşkil olunan və ən nəhayət, «UNESCO-nun Sülh naminə Artisti» kimi əzəmətli titulun az saylı sahiblərindən biri, xalq artisti, professor Firəngiz xanım Əlizadənin 70 illik yubileyi kimi əlamətdar hadisə olaraq musiqi təqvimimizə daxil olacaqdır. Həmin gün ölkəmizdə bir bayram olaraq Respublika günü kimi qeyd olunduğundan, bu tarix musiqi ictimaiyyətinə ikiqat bayrama sevinci yaşadacaqdır. Təbii ki, Azərbaycan bəstəkarlıq məktəbini dünyada böyük şərəflə təmsil edən Firəngiz xanımın yubileyi ölkəmizdə təmtəraqla qeyd ediləcəkdir.

Avropada isə Firəngiz xanımın yubielyinə artıq bu ilin əvvəlindən başlanılıb. Belə bir möhtəşəm tədbirin keçirildiyi növbəti məkan isə Hollandiyanın paytaxtı Amsterdam şəhəridir.  

Belə ki, aprelin 7-də və 9-da Hollandiyanın “Amsterdam Royal Concertgebouw” konsert sarayında ölkənin kral simfonik orkestrinin, xorunun və solistlərinin müşayiəti ilə görkəmli bəstəkar Firəngiz Əlizadənin “Nasimi Passion” əsərinin premyerası olub.

Avropanın nüfuzlu mədəniyyət təşkilatlarından olan, “Amsterdam Royal Concertgebouw” tərəfindən son illər ərzində müxtəlif dinlərə məxsus (pravoslav, katolik, iudaizm, buddizm) «Passions» – “İlahilər” layihəsi həyata keçirilir. Artıq dünyanın ayrı-ayrı dini mənsubiyyətli görkəmli bəstəkarlarına əsərlər sifariş olunub və səsləndirilib. Bu iri həcmli musiqi əsərlərinin ifası bütün Avropa ölkələrində, kütləvi informasiya vasitələrində böyük rezonans doğurub.

Nəhayət, 2015-ci ildə İslam dininə aid olan ilahilərin də bəstələnməsi gündəmə gəlib. Xüsusilə vurğulamaq lazımdır ki, bu iş müsəlman mədəniyyətinə məxsus olan Azərbaycan peşəkar bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi – Firəngiz Əlizadəyə həvalə olunmuşdur. Beləliklə, “NASİMİ Passion” əsəri yaranmışdır və bu möhtəşəm əsərin (35 dəqiqəlik) məşqləri artıq bir neçə aydır ki, dünyaca şöhrətli ingilis dirijor Martins Brabbinsin idarəsi ilə Hollandiyanın Kral simfonik orkestri, xoru və solistləri tərəfindən aparılırdı…

Əsərin premyerasından əvvəl həmin sarayda bəstəkarla görüş keçirilib. Görüşdə musiqişünas Thea Derks “Nasimi passion” əsəri haqqında məlumat verib.

Daha sonar çıxış üçün səhnəyə dəvət olunan Firəngiz Əlizadə seçdiyi mövzudan- Azərbaycanın böyük mütəfəkkiri İmadəddin Nəsimi barədə danışıb, dahi mütəfəkkirin Yaxın Şərq ədəbiyyatına gətirdiyi mütərəqqi ideyalar və fəlsəfi düşüncə tərzindən söz açıb.

Bildirilib ki, əsərdə ümumi kontekstdə həm müasirlik, həm də Şərqin fərqli bir təfəkkür tərzi olan Orta Əsr sufi fəlsəfəsi yanaşı işlənib. Seçilmiş mövzunun layihənin tələblərinə cavab verdiyi, eləcə də Qərbin illər boyu maraqlandığı, amma açarını tapa bilmədiyi məsələyə toxunulub. Bəstəkar iştirakçıların əsərlə bağlı suallarını cavablandırıb.

Konsert zamanı əsərin sözləri tərcümə edilərək ekranda göstərilib. Bu da dinləyicilərə həm musiqini dinləməyə, həm də əsərin sözlərini başa düşməyə, onu dərindən anlamağa imkan verib.

Əsərdə Şərq təfəkkürünün və onun fəlsəfi ideyalarının özəyini təşkil edən tendensiyaların müasir üsullarla sintezi təqdim olunub.

Əsər qeyri-ənənəvi tərkibə malik ansambl üçün nəzərdə tutulsa da, onun ifasında əsasən sufi məclislərində istifadə olunan musiqi alətlərinə müraciət olunub. Əsas prinsipi hər ölkəyə xas tembr səslənməsinin saxlanılmasından ibarət olan layihədə bir tərəfdən ney, tütək, kanon, qoşanağara və milli “səs”, digər tərəfdən isə violonçel, skripka və alt kimi klassik alətlər öz tembr rəngarəngliyi ilə dinləyicini valeh edib.

Almaniya Dövlət Teatrının solisti Əvəz Abdulla özünə xas fərqli ifası ilə tamaşaçıların ruhunu oxşayıb. Ə.Abdullanın ifası məhz sufi zikrlərindəki əsas ab-havanı və dinləyicidə vizual təəssürat yaratmağa imkan verib.

Bəstəkar əsər vasitəsilə Avropa dinləyicisini tanış olmayan və hər zaman maraq mərkəzində olan sirli bir mühitə qərq edib. 

Dinləyicinin təsəvvüründə canlı obraz yaradıb.

Bəstəkarın Şərq və Qərbin konsepsiyası əsasındakı sintezi maraq doğurub. Milli xalq musiqi alətləri ilə yanaşı, violonçel, eyni zamanda, səsin qarşılıqlı müştərək istifadəsi bilavasitə bəstəkarın aparıcı ideya kimi götürdüyü obraza xidmət edir. Əsərdə mistik ruhani fəlsəfə ilə müasir bəstəkar texnikası və modern düşüncə dərin vəhdət təşkil edib. Əsər tamaşaçıların alqışları ilə qarşılanıb.

Konsertdən sonra musiqiçilər və solistlər əsərdən söz açaraq fikir mübadiləsi aparıb, hisslərini bölüşüblər. Onlar əsərin möhtəşəm olduğunu bildiriblər.

Bəstəkar və musiqi meneceri Gabriel Teschner vurğulayıb ki, Firəngiz Əlizadə Azərbaycan musiqisini Qərb musiqisi ilə yüksək səviyyədə sintez edib. Bəstəkarın kamança ilə Sebastyan Baxın əsərini birləşdirdiyi məqamlar bunu aydın göstərir.

O, deyib: “Biz iki fərqli musiqi mədəniyyətinin bəstəkar tərəfindən incəliklə birləşdirilməsinin şahidi olduq. Firəngiz Əlizadə 600 il əvvəl yazıb yaratmış Nəsiminin qəzəllərini tamaşaçıya yüksək səviyyədə təqdim etdi. Mən Firəngiz Əlizadənin əsərinə valeh oldum. Çox maraqlı, möhtəşəm əsər idi və orkestrləşdirilmə də incəliklə qurulmuşdu. Musiqi nəşriyyatı olaraq Firəngiz Əlizadə ilə əməkdaşlıq etməkdən çox məmnunuq”.

İngiltərəli dirijor Martin Brabbins isə diqqətə çatdırıb ki, bu, fövqəladə əsər idi. “Firəngiz Əlizadənin əsərinə dirijorluq etməyə şadam. Bəstəkar əsərdə öz hisslərini yüksək səviyyədə təqdim edib. Orkestr musiqisi çox zəngin, xor partiyası möhtəşəm idi. Xüsusilə də əsərdə istifadə olunan metodlar – pıçıltı, qışqırıq çox incəliklə ifadə edilib. “Ənəlhəq” cümləsini çox sevirəm. Solistimiz də əla idi. Əvəz Abdullanın baritonunun keyfiyyəti çox yüksəkdir. Emosiyaları göstərirdi ki, o, Firəngiz Əlizadənin musiqisini dərindən anlayır və onunla yaşayır. Amsterdamdakı bu konsert, bu gecə möhtəşəm idi”, – deyə o, bildirib.

Almaniya Dövlət Teatrının solisti Əvəz Abdulla bildirib ki, əsərdə muğamla Sebastyan Baxın musiqisinin birləşdirildiyi məqam skripkada ifa olunmağa başlayanda insan valeh olur, bunun üçün böyük ustalıq tələb olunur. O deyib : “Firəngiz Əlizadə fövqəladə bir əsər yaradıb. Nəsiminin qəzəllərini, onunla bağlı çəkilən filmi uşaqlıqdan sevirəm. Bu gün Firəngiz xanımın əsərini ifa etməkdən çox razıyam. Dünyada məşhur olan bəstəkarın musiqisini ifa etdim. Qəlbim emosiyalarla doludur. Bir neçə ay əvvəl təklif alanda Firəngiz xanım mənə dedi ki, bu, musiqidir, amma təkcə sözləri ifa etməklə kifayətlənməməlisən. Canlı obraz yaratmalısan. Mən də güzgü qarşısında repetisiya edirdim. Düşünürdüm ki, bu obrazı necə canlandırım. Amma bu gün gördüm ki, istədiyimizə nail ola bilmişik. İfa zamanı tamaşaçılara, xüsusilə onların baxışlarına diqqət yetirirdim. Hiss edirdim ki, mən istədiyimə nail olmuşam. Tamaşaçılar ilk dəfə belə bir obrazı tanıdılar. Konsert olmasına baxmayaraq, tamaşaçılar qarşılarında canlı obraz görürdülər. Dirijor məndən soruşurdu ki, “ənəlhəq” nə deməkdir? Elə qəşəng sözdür ki, bütün gün evdə bu sözü deyirik. Qeyd etdi ki, Nəsiminin qəzəllərini şəxsən özü oxuyacaq”.

Əsər haqqında Almaniyanın məşhur “H.Sikorski” musiqi dərgisində Firəngiz xanımın düşüncələrinə də yer ayrılmışdır:

«Düz altı əsr bundan əvvəl 1417-ci ildə böyük Azəarbaycan mütəfəkkiri, sufi- şair İmadəddin Nəsimi Suriyanın Hələb şəhərində edam edilir. Tarixdən də bizə məlumdur ki, hər dövrün ən seçilmiş insanları öz ölümlərini edam məkanlarında tapmışlar. Bununla bağlı çoxlu  sübutlar var. Bu gün isə insanları edama məhkum etməyə də ehtiyac yoxdur, Hələb şəhəri hər gün bombalanır, orda hər gün günahsız insanlar- böyük mütəfəkkirlərlə yanaşı  uşaqlar və qocalar öldürülür. Mən «İlahilər» əsəri üzərində işləyərkən, Hələb şəhərində vəziyyət  gündən-günə pişləşirdi və bu vəziyyət mənim əsərimə təsir etmədən ötüşmədi.

Bir məsələni də vurğulamaq yerinə vacibdir ki, Azərbaycan Respublikasının Prezidenti, möhtərəm cənab İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunması bu mühüm mədəni hadisənin əhəmiyyətini daha da artırır. Bu premyeranın mədəniyyətlərarası dialoqun qurulmasına bir töhfə olacağına inanırıq.