“Amrahbank”da kredit adıyla fırıldaq – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məqsədim insanları “Amrahbank”da baş alıb gedən özbaşınalıqdan xəbərdar etmək, eləcə də, müvafiq dövlət orqanlarının diqqətini cəlb etməkdir. ”
 “Məqsədim insanları “Amrahbank”da baş alıb gedən özbaşınalıqdan xəbərdar etmək, eləcə də, müvafiq dövlət orqanlarının diqqətini cəlb etməkdir. Bu günə kimi bank əməkdaşları tərəfindən açıq-aşkar aldatma görməmişdim”.Bunu TİA.AZ-a açıqlamasında 2015-ci ildə “Amrahbank”dan 36 ay müddətinə illik 22 faizlə 45 000 dollar məbləğində kredit götürən Seid Əkbərli bildirib. O qeyd edib ki, o zaman kreditin təminatı kimi atasına məxsus evi girov qoyub. Lakin 2015-ci ildə baş verən devalvasiyadan sonra ödənişləri etməkdə çətinlik çəkib: “Devalvasiyadan sonra banka olan əsas borcum 38 219 dollar, faiz borcum isə 11 543 dollara yüksəldi. Mən ilk gündən bankla razılığa gəlmək istəsəm də, nəticə vermədi.

 “Amrahbank” işin məhkəmə qaydasında həll olunması üçün Nərimanov rayon Məhkəməsinə müraciət etdi”. Seid Əkbərli ona qarşı əsl saxtakarlıqların Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışovun adına “Amrahbank” idarə heyətinin sədri Emil Həsənov tərəfindən imzalanmış məktubdan sonra başladığını deyir: “Məktubda göstərilirdi ki, borcun bağlanması üzrə güzəştlərin alınması üçün kredit götürdüyüm bankın Azadlıq filialına müraciət etməliyəm. Bunun ardınca avqust ayının 16-da bankdan mənə zəng gəldi və razılığa gəlmək istədiklərini bildirdilər.

 Həmin gün “Amrahbank” ASC-nin Azadlıq filialının müdiri Orxan Qurbanov və bankın Müşahidə Şurası sədrinin müşaviri Ülvi İldırımzadə ilə görüşdüm. İldırımzadə mənə  50000 dolları manata nisbətlə 1,08 məzənnəsi ilə 54000 manat birbaşa ödəməyi təklif etdi. Bildirdi ki, birbaşa ödədiyim halda borc tamamilə bağlanacaq, mənzilin girovdan azad edilməsi ilə bağlı məktub veriləcək. Mənə güzəştin necə verilməsi barədə sualıma Ülvi İldırımzadə “bu, yuxarının tapşırığıdır” deyə cavab verdi. Məzənnədə güzəşt etdiklərinə görə razılaşdım və maliyyə imkanlarımı qiymətləndirmək üçün onlardan 3 həftə vaxt istədim.

 Mənə o da bildirildi ki, əgər tam məbləğ alınmasa, borcun qalan hissəsini 1.08 manat güzəştli məzənnə ilə hesablayıb, gələcəkdə ödəniş etmək üçün krediti yenidən rəsmiləşdirəcəklər”.Bank müştərisinin sözlərinə görə, borc-xərc taparaq avqustun 31-də deyilən məbləği ödəyib: “Onlardan borcun olmaması barədə sənədi və mənzilin girovdan azad olunması ilə bağlı məktubu istədikdə dedilər ki, idarə heyyətinin sədri burada yoxdur. Bayramdan sonra məktubları imzalatdırıb, mənə tədqim edəcəklər. Deyilən vaxtda məktubları götürmək məqsədilə banka yaxınlaşdıqda Problemli Kreditlər Departamentinin direktoru Vəli İsmayılov mənə idarə heyətinin sədrinin məktubları imzalamadığını dedi. Əlavə etdi ki, borcu mövcud məzənnə ilə bağlamalıyam”.

S.Əkbərli deyir ki, aldadılması ilə bağlı, Ülvü İldırımzadə ilə dəfələrlə görüşmək istəsə də, qarşı tərəf bundan qaçıb.Şikayətçi bildirir ki, onun banka ödədəyi 54 000 manat isə faiz və cərimə borcundan silinib: “Onu da qeyd edim ki, mən 54 min manatı banka dollar şəklində aparsam da, onlar ödənişi manatla qəbul ediblər. Ödəniş zamanı isə yenidən dollara konvertasiya etdilər. Beləliklə, 8 faiz də uduzmuş oldum”.

NÜŞABƏ
TİA.AZ