Amerika prezidentinin “ayı balası”na məğlubiyyəti – 41 il öncənin ən yaddaqalan hadisəsi

Amerika prezidentinin “ayı balası”na məğlubiyyəti – 41 il öncənin ən yaddaqalan hadisəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın idman tarixində olimpiya oyunlarının özünəməxsus yeri və olduqca qədim bir tarixi var. İlk dəfə olimpiya oyunları hələ bizim eramızdan əvvəl 776-cı ildə Qədim Yunanıstanın Olimpiya şəhərində keçirilib.

Əsrlər ötməsinə baxmayaraq, müxtəlif dövrlərdə dünyanın ayrı-ayrı ölkələrində olimpiya oyunlarının keçirilməsi ənənəsi davam etdirilib. Yaxın tariximizdə isə olimpiya oyunlarının sistemli keçirilməsi 1894-cı ildə öz əsasını qoyub və həmin ilin iyunun 23-də Parisdə Beynəlxalq Olimpiya Komitəsi yaradılıb. Beynəlxalq Olimpiya Komitəsinin mənzil-qərargahı İsveçrədə fəaliyyətə başlayıb.

Dörd ildən bir keçirilən olimpiya oyunları dünyanın idman ictimaiyyəti üçün bayrama çevrilsə də, bu mötəbər turnirlərdə maraqlı hadisələr, qalmaqallar da az olmayıb. 41 il öncə bu gün, 19 iyul 1980-ci ildə SSRİ-də başlanan 22-ci Yay Olimpiya Oyunları isə idman meydançaları ilə yanaşı, siyasi müstəvidə də mübarizə və mübahisələrə səbəb olub.

Öncə qeyd edək ki, 1974-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin Vyanada keçirilən sessiyası 22-ci Yay Olimpiya Oyunlarının SSRİ-də keçirilməsi haqqında qərar qəbul edib. Olimpiya paytaxtına iddialı olan Moskva və Los-Anceles şəhərləri arasında rəqabətdə səsvermə zamanı SSRİ-nin paytaxtı 20-39 səs fərqi ilə ABŞ-ın ikinci ən böyük şəhərini arxada qoyub.

Olimpiya oyunlarının SSRİ-də keçirilməsi Moskvaya baha başa gəlib. 1975-ci ildə mütəxəssislər oyunların keçirilməsinə sərf olunacaq vəsaitin 356 milyon rubl olacağını hesablayıblar. Amma artıq 1979-cu ildə olimpiya oyunlarının keçirilməsinə 1 milyard 500 milyon rubl sərf edilib. Sovet dövründə oyunlara nə qədər vəsaitin xərcləndiyi dəqiq açıqlanmayıb. 1990-cı illərdən sonra isə bu rəqəm 2 milyard göstərilib.

Belə ki, idman komplekslərinin, mehmanxanaların, hava limanlarının, ictimai iaşə obyektlərinin, yolların tikintisinə, təmirinə, yenidən qurulmasına 1 milyard 715 milyon rubl vəsait sərf olunub. Qonaqların və idmançıların qəbuluna isə 150 milyon rubl xərclənib.

Hazırlıq işlərinə şəxsən rəhbərlik edən Leonid İliç Brejnevə hər dəfə xərclənən vəsaitlər haqqında məlumat veriləndə baş katib büdcənin “acınacaqlı” vəziyyətə düşəcəyini nəzərə alaraq olimpiya oyunlarının SSRİ-də keçirilməsindən imtina etmək fikrinə düşüb və Beynəlxalq Olimpiya Komitəsinə müəyyən olunmuş məbləğdə cərimənin ödənilməsinə də hazır olub. O, məsələnin özü iştirak etmədən Siyasi Büroda müzakirə olunmasını Konstantin Çernenkoya həvalə edib. Heç vaxt müstəqil qərar çıxara bilməyən Çernenko bu məsuliyyəti öz üzərinə götürməyib. Qeyri-rəsmi müzakirələrdə büro üzvləri Brejnevi fikrindən daşındıra biliblər.

Olimpiya oyunlarının xərclərini qarşılamaq üçün Mərkəzi Komitə bütün mümkün variantlara əl atıb. Bu variantlardan  biri də lotereya satışının artırılması olub ki, həftəlik “Sportloto” lotereyası olimpiya büdcəsinə 140 milyon, 1970-ci illərin ortalarından sonra satışa buraxılan ani “Sprint” lotereyası isə 368 milyon rubl vəsait gətirib.

Moskva olimpiya oyunlarının maddi problemlərini həll etdikdən sonra siyasi problemlərlə üzləşib. 1979-cu ilin dekabr ayında sovet hərbi kontingenti Əfqanıstana yeridiləndə Kreml siyasi təzyiqlərə məruz qalıb. Bu təzyiqlərdən biri də olimpiya oyunlarının boykot edilməsi ilə bağlı olub. İlk olaraq Amerika Birləşmiş Ştatlarının 39-сu prezidenti (1977-1981) Cimmi Karter 1980-ci ilin yanvarın 15-də  Kremlə ultimatum göndərib:

“…Fevralın 20-nə qədər sovet qoşunları Əfqanıstan ərazisindən çıxarılmazsa, Moskva olimpiadasını boykot gözləyir…”

ABŞ prezidentinin bu bəyanatı nəticəsində olimpiya oyunları tarixində ilk dəfə ən böyük olimpiya boykotu qeydə alınıb. Belə ki, 65 ölkə rəsmi olaraq SSRİ-də keçirilən 22-ci Yay Olimpiya Oyunlarında iştirak etməkdən imtina edib.

Amma bu məsələdə “yumşaq” siyasətçi kimi tanınan Brejnev qətiyyət nümayiş etdirib. Qoşunlar Əfqanıstandan çıxarılmayıb, olimpiya oyunları isə Beynəlxalq Olimpiya Komitəsinin müəyyən etdiyi qaydalarla tam normal keçirilib.

22-ci Yay Olimpiya Oyunlarının SSRİ-ni ziyana salması, yaxud büdcəyə gəlir gətirməsi heç vaxt tam dəqiq və təfərrüatı ilə açıqlanmayıb. Amma bu mötəbər tədbirin siyasi baxımdan təfərrüatları SSRİ-nin süqutuna qədər mətbuatda geniş yer alıb.

Olimpiya oyunlarından sonra Brejnev iki il yaşayıb. Bu iki il ərzində baş katib xarici qonaqlarla görüşlərində, tədbirlərdə, iclas və müşavirələrdəki çıxışlarında 255 dəfə (stenoqram sənədlərinə əsasən) olimpiya oyunları haqqında təəssüratlarını bölüşüb, o, SSRİ-nin həyatında bu tədbiri idman oyunlarından daha çox siyasi hadisə kimi dəyərləndirib. Onun olimpiya oyunları ilə bağlı ən maraqlı ifadəsi isə Cimmi Karterlə bağlı olub:

“Amerika prezidentinin “ayı balası”na gücü çatmadı…”

Qeyd edək “ayı balası” SSRİ-də keçirilən 22-ci Yay Olimpiya Oyunlarının loqotipi və simvolu olub.

İlham Cəmiloğlu