Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq əməkdaşı, dələduzluqda təqsirləndirilən 1973-cü il təvəllüdlü Aliyə Cahangirovanın cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq əməkdaşı, dələduzluqda təqsirləndirilən 1973-cü il təvəllüdlü Aliyə Cahangirovanın cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Musavat.com xəbər verir ki, hakim Tamella Nəsrullayevanın sədrlik etdiyi prosesdə zərəçəkmişlər də iştirak edib. Əvvəlcə prokuror ittiham aktını elan edib. İttihama görə, A.Cahangirova iki nəfərə qarşı dələduzluq əməli törədib, onların etibarından sui-istifadə edərək, külli miqdarda pullarını ələ keçirib. AMEA-da dizayner vəzifəsində işləyən A.Cahangirova hər iki şəxsdən pulu iş qurmaq adı ilə alıb.
Zərərçəkmişlər Mehparə Sadıqova və Gülnarə Naibovadır. M.Sadıqova 70 min manatının, G.Naibova isə 18 min 500 manatının A.Cahangirova tərəfindən ələ keçirildiyini iddia edirlər.
Aliyə Cahangirova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham edilir və günahı sübut edilərsə, onu 7 ildən 12 ilədək həbs cəzası gözləyir. Məhkəmədə Aliyə Cahangirova elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
Prosesin davamında zərərçəkmiş şəxs qismində tanınan Mehparə Sadıqova sərbəst ifadə verib. 18 ildir ki, A.Cahangirovanı tanıdığını deyən zərərçəkmiş dələduzluğa məruz qaldıqdan sonra iki dəfə infarkt keçirdiyini bildirib.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində inspektor vəzifəsində çalışmış M.Sadıqova həm də Bakı Dövlət Universitetində müəllimə işlədiyini və ixtisasının psixoloq olduğunu söyləyib: “Aliyəni 18 ildir, tanıyıram. Münasibətlərimiz çox da yaxın olmayıb. 2014-cü ildə atam rəhmətə gedəndən sonra bizə gəldi. 40 mərasiminə qədər lap yaxın olduq. Mənə iş görməklə bağlı təklif etdi. Dedi ki, kitab çapı ilə məşğuldur. Müəlliflərin kitabını çap etdirir. Söylədi ki, əgər pul olsa, kitabları başqa yerdə çap etdirib, hərəsindən 2 manat 50 qəpik qazanmaq olar. Kasıb günündə ona kömək etməyimi xahiş elədi. Birinci dəfə 2500 verdim. Sonra qaytardı. Bir neçə dəfə belə borc alıb, qaytardı. Aliyə Cahangirova “Elm” nəşriyyatı yaratmaq fikrinin olduğunu deyirdi. Bir gün gəldi ki, çap maşını satırlar. 150 min olan maşının qiyməti 80 minə düşmüşdü. Bu qədər pulumun olmadığını dedim”.
Zərərçəkmişin sözlərinə görə, sonradan tanışlarından pul taparaq, Aliyə Cahangirovaya verib: “Mənim Aliyə ilə iş qurmaq barədə hər hansı bir sövdələşməm olmayıb. Sadəcə, pulu ona köməklik məqsədilə vermişəm, görəcəyi işin sonunda qazancından mənə də pul verəcəkdi. Amma məni aldadırdı. Nəşriyyatın yerini soruşurdum, demirdi. Alınan maşına baxmaq istəyirdim, göstərmirdi. “Sənin başın çıxmır” deyib, məni aldadırdı”.
M.Sadıqova deyib ki, 70 min manatın bir hissəsini tanışlarından alıb, A.Cahangirovaya verib: “Bir müddət sonra gördüm ki, bundan səs çıxmır. Dedim, bəlkə nəsə problemin var? Hər dəfə bir bəhanə deyirdi. Avropa Oyunları ərəfəsində işlərin yaxşı olmadığını bəhanə edirdi. Sonra xahiş elədi ki, pul aldığım insanlardan vaxt istəyim. Borcu da avro və dollarla almışam”.
Zərərçəkmiş qeyd edib ki, Aliyə Cahangirova ondan aldığı 70 min manatı hələ də qaytarmayıb: “Mənə dəymiş ziyanın ödənilməsini istəyirəm. Aliyənin hərəkətləri nəticəsində mənəvi zərər də çəkmişəm. Ədliyyə Nazirliyindən öz ərizəmlə işdən çıxdım. Aliyənin tutulmasını istəmirdim. Gəlib bacıma yalvardı ki, onu bağışlayım. Mən də işi araşdıran müstəntiqə zəng edib, dedim ki, Aliyəni bağışlayıram. Sonra mənə işdən zəng gəldi. İşə gedəndə məlum oldu ki, Aliyə məndən keçmiş rəisimiz Mədət Quliyevə şər-böhtan xarakterli məktub yazıb, dəfələrlə şikayət edib. İşdə halım pisləşdi. İki dəfə infarkt keçirmişəm. Günahını etiraf etmir. Mənə hədə-qorxu mesajları yazırdı. Dedim, məhkəməyə verəcəm. Dedi ki, “verməsən, mən səni məhkəməyə verəcəm”. 14 il işlədiyim nazirlikdən öz ərizəmlə çıxdım. Həmin müddət ərzində xidmətdə olarkən bir nöqsanım belə, yox idi. 23 dəfə mükafat almışdım. 3 dəfə nazirin təşəkkür mükafatını almışam”.
M.Sadıqova təqsirləndirilən şəxslə aralarında olan danışıqları, mesajları sübut kimi məhkəməyə təqdim etmək istədiyini də deyib.
Hakim bildirib ki, hava şəraiti ilə əlaqədər məhkəmə prosesi gec başlayıb. Digər işlərin gedişatına problem yaratmamaq üçün məhkəmə prosesi fevralın 24-də davam edəcək.