“Verilişimiz ATV kanalında yayımlanır. Bizə dəstək üçün müraciət edənlər həddindən artıq çoxdur. Məktublar göndərirlər, sosial şəbəkələrdən müraciət edirlər. Son zamanlar xəstələrin sayı da çoxalıb. Əvvəl ay ərzində on-on beş nəfər müraciət edirdi, indi həftə ərzində 1000-2000 nəfər müraciət edir. Ekologiyaya görə xəstəliklər artıb. Dünyada bütün xəstəliklərin sayı artıb. Eləcə də Azərbaycanda da onkoloji xəstəliklərin sayı çoxalıb”.
Bu sözləri aparıcı Hacı Nuran deyib:
“Bizə kömək üçün müraciət edənlərin evində çəkiliş edirik, şəraitlərini göstəririk. Sənədlərinə baxırıq, həkimlərlə əlaqə saxlayırıq. Hər şeyi efir vasitəsiylə təqdim edirik. İnsanların adı, soyadı, ünvanı, telefon nömrələri verilişdə qeyd olunur. Verilişdə hər bir şəxsin öz əlaqə nömrəsi var. Biz sadəcə əlaqələndiriciyik”.
Xərçəng xəstəliyindən sağalan aparıcı daim həkim nəzarətində olduğunu da vurğulayıb:
“Müalicələrim dayanmır. Xərçəng elə bir xəstəlikdir ki, hər dəqiqə özünü büruzə verə bilər. Ona görə də tez-tez müalicəyə gedirəm. Müəyyən dərmanlar qəbul edirəm. Ağır iş görmək, ağır idman növü ilə məşğul olmaq olmaz. Ancaq üzgüçülüklə məşğul olmaq lazımdır. Mən ət yemirəm. Çalışıram ki, ağır məhsullardan istifadə etməyim. Spirtli içki qəbul etmirəm və siqaret çəkmirəm. Özümüzü qoruyuruq. Xərçəng xəstəliyindən əziyyət çəkənlərə daim dəstək olmağa çalışıram. Dövlətimiz tərəfindən icbari tibbi sığorta ilə ağır əməliyyatlar da baş verir”.
Aparıcı xərçəng xəstəliyindən vəfat edən mərhum xalq artisti Amaliya Pənahova haqqında etirafı ilə diqqət çəkib:
“Amaliya xanım xərçəng xəstəliyinə yoluxduğunu biləndə ilk mənə bildirdi. Mənə yazdı ki, xərçəng xəstəliyimlə bağlı heç kimə heç nə söyləmə. Onun sənədlərini Almaniyaya göndərdim. Özüm Almaniyada olanda görüşdüm, sənədlərini həkimə təqdim etdim. Bilirdim ki, Amaliya xanımın ağır diaqnozu var. Hazırda da belə insanlar çoxdur. Bu xəstəlikdən əziyyət çəkən sənətçilərimiz də çoxdur. Bu xəstəliyə görə nə qədər sənətçilərimizi itirdik, Aygün Bəylər və s. Vaxtında xəstəxanaya gedəndə və müalicə alanda xəstəlikdən sağalmaq mümkündür. Xəstəlik gözləmir və vaxtında həkimə müraciət etmək lazımdır”.