Almaniya Kansleri Mers: “Putin Almaniyaya qarşı hibrid müharibə aparır”

Almaniya Kansleri Mers: “Putin Almaniyaya qarşı hibrid müharibə aparır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın kansleri Fridrix Mers bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin Avropaya, o cümlədən Almaniyaya qarşı hibrid müharibə aparır.

Tribunainfo.az xəbər verir ki, bu barədə o, 6 oktyabr tarixində yayımlanan Pinar Atalay tok-şousunda danışıb.

“O, bizə qarşı informasiya müharibəsi aparır. O, Ukraynaya qarşı müharibə aparır və bu müharibə əslində biz hamımıza qarşı yönəlib”, – deyə kansler bildirib.
Mersin sözlərinə görə, Putin Avropada siyasi nizamı alt-üst etməyə çalışır və məhz bu səbəbdən Almaniya Ukraynaya dəstəyini davam etdirir.

“Rusiya bizim siyasi sistemimizə düşmən münasibət bəsləyir”
Veriliş zamanı aparıcının “Putin Almaniyaya qarşı müharibə aparırmı?” sualına kansler belə cavab verib:

“O, bizə qarşı hibrid müharibə aparır. Biz bu təhlükənin fərqindəyik, lakin qorxmayacağıq və ona qarşı effektiv müdafiə tədbirləri görəcəyik. Rusiya bizim siyasi sistemimizin azı qatı düşməni, əksər hallarda isə açıq-aşkar düşmənidir.”
Almaniyada dron təhlükəsi artır
Mers, həmçinin Almaniyada və ümumiyyətlə Avropada naməlum dronların sayının artmasına da toxunub.

Xatırladaq ki, 3 oktyabr tarixində Münhen hava limanı dron təhdidi səbəbindən müvəqqəti bağlanmışdı. 17 reys ləğv edilmiş, 15 uçuş başqa şəhərlərə yönləndirilmişdi. Daha sonra Bundesverin (Almaniya ordusunun) yeni nəsil dronları sınaqdan keçirdiyi Erdinq hərbi bazası üzərində də dronlar müşahidə olunmuşdu.

Mersin sözlərinə görə, bu və digər hallarda arxasında Rusiyanın dayandığına dair ciddi şübhələr var.

“Belə dron hücumlarının sayı soyuq müharibə dövrü ilə müqayisədə belə misilsiz səviyyədədir”, – deyə kansler vurğulayıb.
“Putinlə danışmaq yolu – səhv yoldur”
Jurnalistin “Putinlə əlaqə yaratmağı düşünmüsünüzmü?” sualına Mers belə cavab verib:

“Əlbəttə, bu barədə düşünürəm. Amma görürəm ki, onunla hər bir dialoq cəhdi Ukraynaya qarşı daha amansız hücumlarla nəticələnir.”
Mers əlavə edib ki, ötən həftə Kopenhagendə Macarıstanın baş naziri Viktor Orbanla bu mövzuda kəskin mübahisəsi olub. Orban Avropa liderlərini Rusiya ilə danışıqlardan yayınmaqda günahlandırıb. Mers isə ona belə cavab verib:

“Keçən il Macarıstan Avropa İttifaqı Şurasına sədrlik etdiyi zaman Orban əvvəlcə Kiyevə, sonra Moskvaya getdi. Və cavab olaraq, Putin Kiyevdə uşaq xəstəxanasını bombaladı. Bu, mənim gedəcəyim yol deyil.”

İmran Kərimli