Almaniya hicabına görə işə götürülməyən müəlliməyə təzminat ödəyəcək. AzEuroNews.com xəbər verir ki, Berlin Brandenberuq İqtisad Məhkəməsində keçirilən prosesinin nəticəsi hicablı müəllimənin xeyrinə olub. Belə ki, məhkəmə dini inancına görə, işə qəbul edilməyən müəlliməyə təzminat ödənməsi ilə bağlı qərar çıxarıb.
Berlində bir məktəbə boş vakansiya ilə bağlı müraciət edən hicablı müəlliməyə başını açacağı təqdirdə işə götürə biləcəklərini deyiblər. O, dini inancına görə sevdiyi işdən kənarlaşdırılması ilə bağlı Berlin İdarə Məhkəməsinə müraciət edib. Lakin məhkəmə 2005-ci ildə qəbul edilən “Tərəfsizlik qanunu”nu əsas gətirərək hicablı müəllimənin tələbini rədd edib.
Müəllim daha sonra Berlin Brandenberuq İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə bu gün hicablı müəllimənin xeyrinə qərar verib.
Qərarda deyilir ki, hicablı müəllimə dini inancına görə işə götürülmədiyi üçün Almaniya dövləti ona 5159 Avro (Məhkəmə xərcləri ilə 6 min ) təzminat ödəməlidir.
Müəllimənin vəkili Məryəm Haşimi alman mediasına verdiyi açıqlamada bildirib ki, bu prosesdən sonra “Tərəfsizlik qanunu”nun Anayasa Məhkəməsində yenidən baxılmasına nail ola bilərlər.
“Bild” qəzeti : “İlin absurd qərarı”
Almaniyanın nüfuzlu “Bild” qəzeti bu olayı manşetdən verərək “İlin absurd qərarı” başlığını qoyub. Qəzet yazıb ki, polis, vəkil, hakim kimi müəllimə də mənsub olduğu dini təmsil edən paltar geyinməməlidir.
Mövzu ilə bağlı şərh verən hüquqşünas Seyran Atəş bildirib ki, məhkəmənin qərarını yanlış hesab edir : “Berlin Brandenberuq İqtisad Məhkəməsinin qərarı yanlışdır. Dinlərarası konflikt müəllimənin hicab taxıb auditoriya qarşısına çıxması ilə həll olunmur”.
Xristian Demokrat Partiyasından (CDU) olan siyasətçi Marian Vendet məsələyə münasibət bildirərək qeyd edib ki, qərarı hələ də başa düşə bilmir : “Almaniya məktəblərində tərəfsizlik məcburdur. Bir sinifdə hicabla gəzənlər bu məcburiyyətə əməl etmir. Ümid edirəm ki, Berlin Brandenberuq İqtisad Məhkəməsinin hakimləri öz yanlışlarını görəcəklər”.