Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti icraata götürülüb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Gəncə Apellyasiya Məhkəməsinin hakimi Faiq Mahmudovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası avqustun 16-na təyin edilib.
Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Qeyd edək ki, Alimpaşa Məmmədov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) icra hakimiyyətlərində keçirdiyi silsilə əməliyyatlar ərəfəsində tutulmuşdu. Keçmiş icra başçısı xüsusilə külli miqdarda mənimsəmə, rüşvət alma, qanunsuz əldə edilmiş pulları leqallaşdırma və digər maddələrlə təqsirli bilinib.
Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.