Elektronika mağazası “Kontakt Home”da satılan məhsulların zay çıxması ilə bağlı müştərilərin etdiyi şikayətlər artmaqdadır.
Tribunainfo.az xəbər verir ki, müştəri Selcan İsmayılova “Kontakt Home”dan aldığı telefonu mağazanın öz servisinə aparıb. Üzərindən 25 gündən çox keçməsinə baxmayaraq servis müştərinin telefonunu təmir edib verə bilmir:
“Telefonum sındığı üçün servisə göndırmişəm. Dedilər, 14 günə təmir edilib veriləcək. Hələ də məlumat yoxdur. Səfələrlə zəng etmişik, mağazaya yaxınlaşmışıq. Deyirlər, tezliklə veriləcək. Qızıl zəmanət üçün 2 illik ödənişi tez alırlar amma. Bu qədər məsuliyyətsizlik, saxtakarlıq olmaz axı”.
Digər şikayətçi Usta Babayev də “Kontakt Home”da satılan məhsulların zay olmasından gileylənib:
“Paltaryuyanımız zəmanət müddətində xarab oldu. Servisdən dedilər 14 günə düzələcək. 20 gündən çox keçib, ancaq xəbər yoxdur. Zəng edirik, məhsul barədə məlumat vermirlər. Halbuki o problem 1-2 saat həll ediləsi işdi. Bir ustanın 1 saata etdiyini 20 günə düzəldə bilmir “Kontakt Home” servisi”.
Xatırladaq ki, “Kontakt Home” dəfələrlə bu kimi hallara, xarab mal satdığına, problemli məhsulu geri qaytarmadığına və ya dəyişdirmədiyinə görə dəfələrlə cərimələnib.
Qeyd edək ki, “Kontakt Home” mağazalar şəbəkəsinin sahibi keçmiş deputat Elnur Allahverdiyevdir.
Tərəfləri dinləməyə hazırıq.
Gülşən