Alen Delonun ölümündən cəmi bir il keçib, lakin aktyorun adı ekranlardan çox məhkəmə zallarında eşidilir. Böyük oğlu Antoni, qızı Anuşka və kiçik oğlu Alen-Fabien miras üstündə mübarizə aparır və bu qarşıdurma getdikcə qarşılıqlı ittihamlar və məhkəmə iddialarına çevrilir.
Qaynarinfo xəbər verir ki, münaqişənin ilk dalğası hələ aktyor sağ ikən başlayıb. Qardaş və bacı birlikdə Delonun 2023-cü ilin yayına qədər birlikdə yaşadığı Hiromi Rollanı hədəf almışdı. Lakin bu ittifaq uzun sürməyib: 2024-cü ilin yanvarında Antoni bacısını atasının real səhhətini gizlətməkdə ittiham edərək məhkəməyə müraciət edib. Martda isə Anuşka qardaşına qarşı “şəxsi həyata müdaxilə” iddiası ilə cavab verib.
Alen Delonun ölümü ərəfəsində uşaqları sanki barışaraq atalarını səmimi ailə kimi yola salıblar. İndi isə sıra kiçik oğlu Alen-Fabienə çatıb – o, 2022-ci ilin noyabrında imzalanmış ikinci vəsiyyəti mübahisələndirir.
Məsələ maddi bölüşdürmə ilə bağlı deyil. Təxminən 50 milyon avro dəyərində mirasın bölüşdürülməsi hələ 2015-ci ildəki sənəddə təsbit olunmuşdu: Anuşka yarısını, qardaşlar isə hərəsi dörddə birini almalı idi. Yeni mübahisə mənəvi irs hüquqları ilə bağlıdır. İkinci əlavə vəsiyyətə görə, fransız kinosunun əfsanəsinin filmləri, fotoşəkilləri və xatirə obrazı üzərində yekun qərar vermək səlahiyyəti tamamilə qıza – Anuşkaya həvalə olunub.
Alen-Fabien bu qərarı atasının son illərdəki zəif sağlamlığını nəzərə alaraq ədalətsiz və şübhəli hesab edir. O, ikinci vəsiyyətin mövcudluğunu yalnız atası öldükdən sonra öyrəndiyini iddia edir. İddiada bildirilir ki, 2022-ci ilin noyabrında sənəd imzalanarkən Delon artıq ağır xəstə idi və rasional qərar vermək qabiliyyətinə malik deyildi. Beləliklə, mübahisə təkcə hüquqi yox, həm də mənəvi xarakter daşıyır: kiçik oğul bacısının atasının yeganə rəsmi xatirə qoruyucusu olmasına açıq etiraz edir.
Nə Antoni, nə də Anuşka hələlik məsələ ilə bağlı ictimai açıqlama verməyib. Vəkillər tərəfləri barışdırmağa çalışırlar. Bu mümkün olmazsa, məhkəmə qərar verəcək: aktyorun son vəsiyyəti şüurlu seçim idimi, yoxsa son illərində kənar təsirin nəticəsi.