Yaşadığımız bəzi hadisələr ürəyimizi parçalayır. Bu hal qırıq ürək sindromunu tətikləyir və daha sıxıntılı anlara səbəb olur.
Bakupost.az xəbər verir ki, türkiyəli Kardiologiya Mütəxəssisi Prof. Dr. Əli Buturak qırıq ürək sindromu ilə bağlı açıqlama verib.
O, bildirib ki, sindromu yaşayanlarda ani sinə ağrısı, nəfəs darlığı, ürək döyüntüsü, baş gicəllənmə, huşunu itirmə kimi şikayətlər ola bilər.
Ayrılıqlar, itkilər…
Buturak deyib ki, xəstəliyə həyat yoldaşını, sevgilisini, birinci dərəcəli qohumunu və ya sevdiyini itirməsi kimi ani psixoloji travmalar, uzun müddətli münasibətdən sonra ayrılma, boşanma və ya aldadılma kimi ağır emosional vəziyyətlər səbəblər ola bilər. Bundan əlavə, insanı dərindən sarsıdacaq boğulma təhlükəsi, zəlzələ kimi təbii fəlakətlər və bəzi fiziki travmaların da qırıq ürək sindromunu yaradır.
İlk dəfə 1990-cı ildə Yaponiyada Takatsubo Sindromu olaraq xarakterizə edilən qırıq ürək sindromu ani sinə ağrısı, nəfəs darlığı, ürək döyüntüsü, başgicəllənmə və bayılma kimi əlamətlərlə özünü göstərir. Buna daha çox qadınlarda rast gəlinir.
“Qəfil şiddətli kədər”
Dr. Buturak emosional travmaların fiziki nəticələri ilə bağlı aşağıdakı qeyd edib:
“Qəfil şiddətli kədər, məyusluq və ya stressdən sonra beynin bəzi nahiyələrində həddindən artıq aktivlik nəticəsində qanda stress hormonunun səviyyəsi yüksələrək toxumaların zədələnməsinə səbəb olur. Bu hormonlar ürək əzələsinə və ürəyin kiçik kapilyarlarına təsir göstərir, ürək əzələsində qəfil daralma qüsurlarına və kiçik damarlarda funksiyaların itirilməsinə səbəb olur, ürək-damar dövranını pozur. Bu vəziyyət xəstənin qəfil sinə ağrısı, nəfəs darlığı, ürək döyüntüsü, baş gicəllənməsi və huşunu itirmə kimi şikayətlər yaşamasına səbəb olur”.

“Sinə ağrısı infarktla qarışdırılır”
Emosional travma səbəbiylə qırıq ürək sindromu əlamətləri olanların dərhal yaxınlıqdakı xəstəxananın təcili xidmətinə müraciət etmələri lazım olduğuna diqqət çəkən Buturak, “Xüsusilə ani başlayan sinə ağrısı infarktla qarışdırılmasına səbəb olur. Qırıq ürək sindromu şübhəsi olan xəstələrdə ürək əzələlərinin zədələnməsini göstərən qan testləri, elektrokardioqrafiya, exokardioqrafiya, telekardioqrafiya və koronar angioqrafiya ilə diaqnoz qoyulur”, – deyə əlavə edib.
“Xəstəyə dəstək olmalıdır”
Professor, qırıq ürək sindromunun adətən öz-özünə keçən bir vəziyyət olduğunu, lakin diaqnozu qoyulan xəstənin xəstəxanaya yerləşdirildiyini və bu şəkildə müalicə edildiyini ifadə etdi:
“Bu xəstələrin koronar angioqrammalarında koronar arteriyalar normaldır, lakin əsas problem ürək əzələsinin zədələnməsidir. Buna görə də xəstələr ürək çatışmazlığından, həyati təhlükəsi olan ritm pozğunluğundan və digər ağırlaşmalardan əziyyət çəkirlər. Xəstədə ürək çatışmazlığı əlamətləri varsa, dərman müalicəsinə başlamalıdır”.

“Bunun qarşısını almaq üçün heç bir müalicə yoxdur”
Qırılmış ürək sindromunun qarşısının alınması üçün məlum bir müalicənin olmadığını ancaq alına biləcək bəzi ehtiyat tədbirlərinin faydalı olduğunu izah edən Əli Buturak mövzu ilə bağlı aşağıdakı məlumatları verdi:
“Yoqa, meditasiya, gündəlik yazmaq və ya zehinlilik, isti vanna qəbul etmək, ətirli şamları yandırmaq, uzun dərin nəfəslər almaq və yavaş-yavaş nəfəs vermək kimi üsulları tətbiq etmək faydalı ola bilər. Stressinizin mənbəyindən asılı olaraq, bir dəstək qrupuna qoşulun və ya stresiniz haqqında danışmaq üçün peşəkar kömək axtarın. Bundan əlavə, pəhriz, müntəzəm məşq (həftədə ən az 5 dəfə 30 dəqiqə), kifayət qədər yatmaq (gecə 7-9 saat), sosiallaşmaq, tütün və tütün məmulatlarından istifadədən qaçınmaq kimi sağlam vərdişlər yaradın”.