Dünəndən bəri məşhur aktyor Midhat Aydının bir tikintidə işlədiyi anın görüntüləri sosial şəbəkələrdə gündəm olub. Müzakirələrə səbəb olan videoya yazılan rəylərdə insanlar 67 yaşlı aktyorun tikintidə fəhlə işlədiyini iddia ediblər. Bəziləri isə görüntülərin film çəkilişindən bir hissə olduğunu deyib.
Bakupost.az xəbər verir ki, yayılan görüntülərlə bağlı aktyor demokrat.az-a açıqlama verib.
O, tikilinin özünə məxsus ev olduğunu və ustalar tərəfindən çəkildiyini bildirib.
Midhat Aydın “Təsadüfən bir ömrüm yenə olsa, gedib fəhlə olardım” deyib:
“Bura mənim öz evimdir. 20 il bundan qabaq tikintiyə başlamışam. İki mərtəbə evdir. İki oğlum var. Neçə illərdi bütün ailə bir yerdə birinci mərtəbədə yaşayırıq. Müəyyən problemlərdən ucbatından, həmçinin, pandemiya, evə qapanma və s. səbəblərdən imkan olmadı. İndi şükür Allaha bir az əldə imkan tapıb ustalar gətirmişəm, həmin evi təmir edirəm. Orda ustalara mən kömək edirəm. Öz evimdir. O videonu mən işləyəndə ustalar elə- belə çəkmişdilər. Mən də götürdüm paylaşdım. Əvvəla onu da deyim ki, fəhləlik ayıb bir iş deyil. Lazım olsa gedib fəhləlik də edərəm. Təsadüfən bir ömrüm yenə olsa, gedib fəhlə olardım. Çox gözəl işdir. O fəhlələrlə mən oturdum durdum, bir yerdə çörək yedim, ilahi necə gözəl insanlardır, necə gözəl aləmdr. Özümün də çəkilişlərim var. Yoldaşlardan xahiş etmişəm ki, bir-iki gün məni gecikdirin, bu suvax işini bitirim. Sabah Allah qoysa qurtarıb çəkilişə gedəcəm”.
Midhat bəy qeyd edib ki, heç kimə mənə kömək eləsin deyə ağız açmıram, guya ağız açanda nəsə edəcəklər?
“Mən bu vieonun altında yazılan rəylərə baxdım. Özümə qarşı qəbahət bir söz eşitmədim. Bu mənə bəsdir. Misal üçün sosial şəbəkələrdə bəzən görürəm ki, adətən müəyyən adamları təhqir edirlər. Mən vətənimi, dövlətimi və dövlətçiliyi sevən bir insanam. Prezidentimi sevən bir insanam.
Mənim nə Əməkdar, nə də Xalq artisti adım var. Nə dövlət tərəfindən xüsusi qayğım var. Həyatda nə eləmişəm özüm eləmişəm. Heç bir kömək yoxdur. Bir dəfə rəhmətlik Qənirə xanım 65 yaşımda məni Milli Məclisə aparıb, orada mənə bir diplom verib. Heç kimə də ağız açmıram ki, mənə nəsə eləsinlər. Ağız açanda nə olacaq? Guya kömək edəcəklər? Heç kimə heç nə demirəm, nəyə gücüm çatır edirəm. İndi suvax işlərini bitirirəm. İmkanım olanda digər işləri də görəcəm”.
Midhat Aydının təmir işi apardığı evindən görüntülər: