backend

Akif Əli: “Artur Rəsizadənin səhhətində problem yoxdur, sağlamdır, idmanla məşğul olur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Artur Rasizadə obyektiv tənqidə kifayət qədər dözümlü şəxsdir. Onun mətbuatda fəaliyyətini daha çox yaş məsələsinə görə tənqid edirlər.  

“Artur Rasizadə obyektiv tənqidə kifayət qədər dözümlü şəxsdir. Onun mətbuatda fəaliyyətini daha çox yaş məsələsinə görə tənqid edirlər. 

Artur müəllimin işinin keyfiyyətinə qiymət vermək lazımdır. O, çox cavan adamdan yüksək intellektli, sağlam şüurlu, ali əqli keyfiyyətlərə malik ziyalı insandır”.

Bu sözləri Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli “Report”a müsahibəsində deyib.

O, baş nazir barədə yazılan bir sıra məqalələri “qərəzli” adlandırıb: “Hər dəfə Artur müəllim haqqında tənqidi yazılanlara baxanda görürsən ki, qərəzlə yazılıb, çünki içində fakt yoxdur, mülahizə var. Biz bəzən reaksiya veririk, bəzən də ona görə reaksiya vermirik ki, bunun haradan gəldiyi, niyə yazıldığı, kimin yazdığı, yaxud yazdırdığı məlum olur. Amma elə yazılar olur ki, Artur müəllim dərhal reaksiya verir. 

Məsələn, olub ki, çox mötəbər mətbu orqanda istər bizə aid, istərsə də ümumiyyətlə qəzetçilik baxımından, stilistika, terminologiya baxımından səhvlər olub. Artur müəllim səhər-səhər qəzetlərə baxanda onu tutub. Mənə tapşırıb ki, bunun səhv olduğunu redaksiyanın nəzərinə çatdırım. Deyib ki, dövlətçilk baxımından bunu belə vermək olmaz və s. Mən də bunu çatdırmışam və həmin redaksiya A.Rasizadəyə öz təşəkkürünü bildirib”.

A.Əli baş naziri işinə görə deyil, yaşına görə tənqid etməyi “mənasız iş” adlandırıb: “Artur Rasi-zadə 1996-cı ildən baş nazir işləyir. Həmin ildən bu yana müxtəlif qəzetlər dəfələrlə yazıblar ki, A.Rasizadə istefa verir, artıq onu işdən çıxaracaqlar və s. 20 ildən çoxdur ki, bunu yazırlar. 

Təbii ki, dünyada heç kim vəzifəni tutub durmur. 

Nə vaxtsa Artur Rasizadə də çıxacaq. Baxarsınız, həmin qəzet o zaman yazacaq ki, gördünüz, mən demişdim ki, çıxaracaqlar… Ancaq Artur Rasizadənin işinə vaxtilə mərhum Heydər Əliyev, indi isə onun layiqli davamçısı İlham Əliyev yüksək qiymət verir. Konstitutsiyaya görə, Nazirlər Kabineti Prezidentin yuxarı icra orqanıdır, o, Prezidentin tapşırıqlarını icra edir. Əgər o tapşırıqlar keyfiyyətlə icra olunmasa, düşünürsünüz ki, Heydər Əliyev və ya İlham Əliyev sadəcə Artur Rasi-zadə ilə işləməyə üstünlük verərdilər? 

Əlbəttə, yox. Şübhəsiz ki, Artur Rasizadənin işinin keyfiyyəti yüksək səviyyədədir”.

Onun sözlərinə görə, hər bir nazirlik fəaliyyətində Nazirlər Kabineti, bilavasitə baş nazirlə razılaşdırma aparır. Və bütün bu idarəçilik də Prezidentin nəzarəti altında gedir. Dövlət quruculuğunda subardinasiya qaydalarına ciddi əməl olunduğuna görə Azərbaycan dövləti dayanıqlıdır və inkişaf edir: “Yadınıza salın, 1991-93-cü illərdə hər nazirlik bir avaz çalırdı, hər nazir bir başbilənlik edirdi, hərəsi bir göstəriş verirdi. Prezident də bilmirdi ki, kimi yığışdırsın. Elə şəraitdə dövlət dayanıqlı olmaz və dağılar. İndi isə elə situasiyalar yoxdur. İndi aşağıdan yuxarıya bütün subardinasiya və ierarxiya qaydalarına əməl olunur. Bu təkcə bizdə deyil, bütün ciddi dövlətlərdə belədir. Dövlət bu cür yaşayır, inkişaf edir”.

O baş nazirin səhhətinin yaxşı oldğunu bildirib. “Vaxtilə mətbuata demişdim ki, hansı jurnalisti baş nazirin səhhəti maraqlandırırsa, səhər saat 08:30-da Nazirlər Kabinetinin qarşısına gəlsin. Bu saatlarda Artur Rasizadənin karteji artıq Nazirlər Kabinetinə daxil olur və o axşam saat ən azı 19:00-a qədər fasiləsiz iş yerində olur. A.Rasizadə heç vaxt məzuniyyətini tamamilə istifadə etməyib. İldə bir dəfə məzuniyyətinin ancaq iki həftəsindən istifadə edir. İki həftə çox sakit bir guşədə, təbiətin qoynunda dincəlir və sonra yenə iş başına qayıdır. Səhhəti ilə bağlı ciddi bir problem yoxdur. Sağlam, gümrah bir insandır. Hər zaman da idmanla məşğul olur”.

Artur Rasizadənin Azərbaycan dilində təmiz danışa bilməməsi barədə iradlarına gəlincə Akif Əli deyib ki, rus dilində təhsil alan adamların hamısının danışığında müəyyən “aksent” ola bilər: “Amma onun Azərbaycanca oxumasında heç bir problem yoxdur. Nazirlər Kabinetinin bütün sənədləri, sərəncamlar Rasizadənin imzası ilə gedir. Artur Rasizadə elə şəxsiyyətdir ki, heç zaman inanmadığı, oxumadığı yazıya qol çəkməz. O bütün qərarları oxuyur, sonra imza atır. Məsələn, bəzən mətndə elə ifadələri, hətta dil səhvləri tutur ki, məətəl qalırsan. Bayaq dedim, hətta ən mötəbər qəzetdə ifadə səhvləri tutub mənə deyib ki, redaksiyaya bunun düz variantını demək lazımdır. O, Azərbaycan dilini təmiz bilir. Şifahi nitqində olan müəyyən deyim tərzi isə sovet dövrü təhsilindən qalma məqamlardır. Bunu şişirtməyə nə ehtiyac? Yaxşı bir türk deyimi var: “Ayinəsi işdir kişinin, lafa baxılmaz.”