“Report”un xəbərinə görə, hakim Abbas Rzayevun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, istintaq orqanın təqdimatı təmin edilib.
Hər iki şəxsin həbs müddəti daha 3 ay uzadılıb.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, istintaq zamanı “Yeni Yasamal” MTK-nın sədri Cahangir Alışovun səlahiyyətli nümayəndəsi-hüquqşünas kimi fəaliyyət göstərməklə faktiki olaraq mənzillərin satışını həyata keçirən Habil Fətəliyev və qeyriləri ilə əlbir olub cinayət əlaqəsinə girərək qulluq mövqeyindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə paytaxtın Yasamal rayonunda inşa olunan binadan dəyəri ödənilmiş 33 mənzili yenidən 37 nəfərə sataraq 1 milyon 644 min manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Xatırladaq ki, C.Alışov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə C.Alışovun zərərçəkmiş kimi tanınmasına xitam verilib.