Akademik Musiqili Teatrın tamaşası Beynəlxalq Festivalında uğurla nümayiş olunub

Akademik Musiqili Teatrın tamaşası Beynəlxalq Festivalında uğurla nümayiş olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

11–30 oktyabr 2025-ci il tarixlərində Türkiyədə Avrasiya Teatrlar Birliyinin təşkilatçılığı və Maltəpə Bələdiyyəsinin dəstəyi ilə VII Beynəlxalq Maltəpə Festivalı keçirilib. Hər il dünyanın müxtəlif ölkələrindən teatr və incəsənət nümayəndələrini bir araya gətirən bu mötəbər sənət tədbirində Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da uğurla çıxış edib.
Festivalın təntənəli bağlanış mərasimində teatr kollektivi türk dünyasının tanınmış yazıçı və dramaturqu Tüncər Cücənoğlunun “Matryoşka” əsəri əsasında Prezident mükafatçısı İradə Gözəlovanın quruluş verdiyi “Qadınım” tamaşasını təqdim edib. Lirik-psixoloji melodram janrında hazırlanan tamaşa iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Festival təşkilatçıları Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Aqil Bəhramlıya və rejissor İradə Gözəlovaya xüsusi təşəkkürlərini bildirərək, kollektivi diplomla təltif ediblər. Bundan əlavə, rejissor İradə Gözəlovaya tamaşaya verdiyi uğurlu quruluşa görə yazıçının ailəsi tərəfindən “Tüncər Cücənoğlu” adına xüsusi mükafat da təqdim olunub.
Səfər çərçivəsində müxtəlif ölkələrin teatr kollektivlərinin nümayəndələri ilə görüşlər keçirən Aqil Bəhramlı festivalın yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib və 29 oktyabr – Türkiyə Cümhuriyyət Günü münasibətilə türk xalqını təbrik edib.
Qeyd edək ki, “Qadınım” tamaşasında teatrın gənc aktyorları Əmrah Dadaşov və Gültac Əlili, eləcə də xor artistləri çıxış ediblər. Əsərin plastik həlli və səhnə hərəkətləri Əməkdar artist Nigar Şahmuradovaya məxsusdur. O, həmçinin tamaşada aktrisa kimi iştirak edib. Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Məlahət Qasımova, musiqi tərtibatçısı isə Əmrah Dadaşovdur.