Sentyabrın 25-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Ər və arvad” musiqili komediyası oynanılıb.
Alqışlarla keçən tamaşanın sonunda Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini İlham Namiq Kamal teatrın balet artistləri Roman Krasnov və Anna Cabbarovanı səhnəyə dəvət edərək, onları teatr sahəsindəki 20 illik səmərəli fəaliyyətləri münasibəti ilə təbrik edib. Sənətkar ittifaq və teatr rəhbərliyi tərəfindən verilən fəxri fərmanları onlara təqdim edib.
Qeyd edək ki, tamaşada Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artislər Ələkbər Əliyev, Əkbər Əlizadə, Prezident mükafatçısı Hüseyn Əlili, aktyorlar Gülcahan Salamova, Gültac Əlili, Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Fərid Rzayev, həmçinin teatrın xor və balet artistləri də iştirak ediblər.
Xatırladaq ki, 1909-cu ildə Üzeyir Hacıbəyli tərəfindən qələmə alınmış və Şərqin ilk operettası olan “Ər və arvad” ilk dəfə 1910-cu ildə tamaşaya qoyulub. Əsərin yeni redaktəsi və orkestrləşdirilməsi Əməkdar incəsənət xadimi Sərdar Fərəcova məxsusdur. Yeni quruluşda ilk tamaşa 16 oktyabr 2010-cu ildə oynanılıb. Akademik Musiqili Teatrın repertuarında özünəməxsus yeri olan bu tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu rəssamı Əməkdar rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterlər Zakir və Yelena Ağayevlər, xormeysteri isə Vaqif Məstanovdur.