Oktyabrın 10-da saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında gənc yazıçı-dramaturq Pərviz Seyidlinin “Killer” pyesi əsasında “Killerdən teleqram” monotamaşasının premyerası olacaq.
Quruluçu rejissoru Zaur Əliyev olan bu tamaşada Killer-Cəlil obrazını Əməkdar artist Şövqi Hüseynov canlandırır.
Səhnə əsərinin quruluşçu rəssamı Afaq Bayramova, musiqi tərtibatçısı Məhəmməd Məmmədovdur.
Tamaşada uşaqlıq illəri çox acınacaqlı keçən, gənclik illərində də bir çox mənəvi-psixoloji zərbələr alan bir insanın həyat hekayəsindən bəhs olunur. Əsərin yeganə qəhrəmanı qısa ömür yolunda həm özü, həm də cəmiyyətin yazılmamış qanunları ilə mübarizə aparsa da, onu qarabaqara izləyən ləkəli keçmişindən yaxa qurtara bilmir…
Premyera üçün biletləri şəhərimizin mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, “Iticket. az” saytından əldə etmək olar.