Bu gün Xalq artisti, görkəmli bəstəkar Polad Bülbüloğlunun 80 yaşı tamam olur. Bu münasibətlə yubilyarın şərəfinə 21, 22, 23 fevral tarixlərində saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Qorxma, mən səninləyəm!” (libretto müəllifləri Yelena İsayeva və Cavid İmamverdiyev) və “Nəğməmə inan” (libretto müəllifi Mixayıl Şerbaçenko) tamaşaları nümayiş olunacaq.
Qeyd edək ki, “Polad Bülbüloğlu 3 gün sizinlə” layihəsində təqdim ediləcək bəstəkarın musiqiləri əsasında hazırlanan hər iki tamaşanın bədii rəhbəri, teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu rejissoru isə Cavid İmamverdiyevdir.
Yaradıcı heyətə quruluşçu dirijor Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeyster Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysterlər Əməkdar artistlər Emin Əliyev və Nigar Şahmuradova, quruluşçu rəssam Vüsal Rəhim, dirijor Səməd Süleymanlı, konsertmeysterlər Kamil Həsənov və Fidan Əliyeva, qrim üzrə rəssam Aybəniz Hüseynova, rejissor assistenti Tamilla Aslanova daxildir.
Layihədə Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Boris Qrafkin, Ələkbər Əliyev, Əzizağa Əzizov, Çingiz Əhmədov, Nahidə Orucova, Nərgiz Kərimova, Şövqi Hüseynov, Almaz Ələsgərova, Fərid Əliyev, Prezident mükafatçısı Mehriban Zaliyeva, aktyorlar Firus Məmmədov, Rauf Babayev, Emil Heydərov, Elçin İmanov, Ülviyyə Əliyeva, Nicat Əli, Leonid Klets, Eleonora Mustafayeva, Fərid Rzayev, Telli Hüseynova, Təranə Əliyeva, Elməddin Dadaşov, Nərminə İsmayılova, Adelin Öztürk, Əli Kərimov, Murad Əliyev, eləcə də teatrın xor və balet truppasının artistləri iştirak edəcəklər.
Xatırladaq ki, 44 il öncə çəkilmiş “Qorxma, mən səninləyəm!” filminin əsasında Musiqili Teatrda fərqli quruluşda hazırlanan eyniadlı tamaşa tanınmış rejissor və ictimai xadim, 60-cı illərin KVN komandasının məşhur kapitanı, Azərbaycanın Xalq artisti Yuli Solomonoviç Qusmanın da 80 illik yubileyi münasibətilə göstərilib.
Polad Bülbüloğlunun sehrli musiqiləri ilə unudulmaz anlar yaşamaq istəyənlər biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə edə bilərlər.