Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi – FOTO\VİDEO

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi – FOTO\VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir.

 Tribunainfo.az  xəbər verir ki, bu dəfə teatr Daşkənddə keçirilən Özbəkistan Dövlət Musiqili Komediya (Operetta) Teatrının 50 illik yubileyi ilə əlaqədar “Operetta.uz” Musiqili Teatrların II Beynəlxalq Forumuda iştirak edib.

Forumda ölkəmizi Musiqili Teatrın direktoru Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, teatrın baş baletmeysteri, Əməkdar artist Emin Əliyev, vokal artistləri Aydan Həsənova və Emin Zeynallı təmsil ediblər.

Azərbaycanla yanaşı, Belarus, Rusiya və Qazaxıstanın musiqili teatrlarının rəhbərləri, rejissor, aktyor, xoreoqraf, rəssam, yaradıcı kollektivləri, mədəniyyət və incəsənət xadimlərinin qatıldığı forumda Əliqismət Lalayev mətbuat konfransı, eləcə də “Musiqili teatr sənətinin inkişafı” və “Musiqi teatrlarla əməkdaşlıq” mövzularında dəyirmi masada iştirak edib. O, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə özbək teatrları arasında qarşılıqlı və səmərəli əməkdaşlıqdan söhbət açıb, foruma dəvətə görə minnətdarlığını bildirib.

Tədbirin proqramı çərçivəsində Emin Əliyev milli rəqslərimizin əsas elementləri barədə gənc özbək balet artistlərinə ustad dərsləri keçib.

Yubiley şərəfinə keçirilən qala-konsertdə isə gənc solistlərimiz Azərbaycan səhnəsində özünəməxsus yeri olan “Arşın mal alan” (Ü.Hacıbəyli) operettasından parçalar ifa ediblər.

Özbəkistan Dövlət Musiqili Komediya (Operetta) Teatrının rəhbərliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirlinə və onların dəstəyi ilə tədbirə qatılan Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəhbərliyinə təşəkkürünü bildirib, qonaqlara iştirakçı sertifikatları və mükafatlar təqdim edib.