“Ailə TV” abonentlərin hüquqlarını pozur

“Ailə TV” abonentlərin hüquqlarını pozur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ailə TV” abonentlərin hüquqlarını pozmaqdadır. Tribunainfo.az-a verilən xəbərə görə, şirkət kampaniya elan edərək 6 ayın abunə haqqını birdən ödədiyi halda, abonenti cihazla təmin etdiyini bildirir və 200-dən çox kanal yayımlandığını açıqlayır. Lakin bu kampaniyadan istifadə heç də müştərilərin ürəyincə deyil. Buna səbəb xidmət səviyyəsinin aşağı olması, həmin cihazda tez-tez nasazlıq yaranmasıdır. Müştərilərin sözlərinə görə, bu cihazlar heç bir il normal işləmir və birdəfəlik xarab olur. Nəticədə isə müştəri yenisi ilə təmin edilmir və “Ailə TV” abonentlərinə açıq şəkildə bəyan edir ki, həmin cihazlara zəmanət verilmir. Müştərilər qeyd edirlər ki, əgər zəmanət verilmirsə, niyə onun reklamını aparır və tərifləyirlər? Şirkət sosial şəbəkə səhifələrində dayanmadan həmin cihazları reklam edir, yüksək səviyyəli olduğunu yazır, 200-dən çox kanalın yayımını vəd edir. Ancaq məlum olur ki, cihaz nasazdı, bir neçə ay sonra xarab olur. Üstəlik, bu müddət ərzində yayım normal olmur və müştərilər aparatı kustar yolla düzəltməkdən bezirlər. Vətəndaşlar bildirirlər ki, bu, onların aldadılması və hüquqlarının pozulmasıdır. Çünki şirkət həmin aparatları reklam edib və sırıyıb, indisə yenisi ilə təmin etmir. Yəni abonent təzədən 6 ayın pulunu ödəməli və 200 kanala baxış əldə etməlidir. Halbuki müştərinin belə bir məcburiyyəti yoxdur və “Ailə TV” ömrü heç 1 il çəkməyən cihaza görə müştərini 200 kanaldan məhrum edib. Belə çıxır ki, hər dəfə 6 ayın pulunu verməli, 5 ay sonra aparat xarab olmalı, müştəri təzədən ödəniş etməlidir. Bir sözlə, “Ailə TV” müştəri məmnuniyyətini deyil, özünü fikirləşir.

“Ailə TV” ticarət nişanı, Azərbaycanda informasiya-telekommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən, “Caspian Telecom” MMC şirkətinə məxsusdur. Şirkətin saytında onun 1997-ci ildə təsis olunduğu yazılıb. Şirkət “Ailə TV” brendi ilə IP TV və kabel televiziyası, “Ailə NET” brendi ilə internet xidmətləri təqdim edir. Şirkət sabiq PA rəhbəri Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur.

Tribunainfo.az