Ailə dəyərlərimizi necə qoruyaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün “Azərkitab”ın ofisində Gənc Vətəndaş İctimai Birliyi tərəfindən “Ailə üçün dəyər” mövzusunda tədbir keçirilib. 

Bu gün “Azərkitab”ın ofisində Gənc Vətəndaş İctimai Birliyi tərəfindən “Ailə üçün dəyər” mövzusunda tədbir keçirilib.

TİA.AZ xəbər verir ki, tədbirdə ailə dəyərləri haqqında müxtəlif fikirlər səsləndirilib.

Birliyin icraçı direktoru, hüquqşünas Günel Səfərova bildirib ki, son illərdə boşanma hallarının artması ailə dəyərlərini sıradan çıxarır:

“Ailə qiymətsizdir. Bizim “Ailə üçün dəyər” layihəmiz Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilib. Layihə çərçivəsində bir sıra bölgələrdə – Xaçmazda, Lənkəranda, Ağdaşda müxtəlif maarifləndirici tədbirlərlə yanaşı, mütəxəssislərimiz tərəfindən peşəkar hüquqi xidmətlər verildi.

G.Səfərova onu da qeyd edib ki, layihənin məqsədi daha geniş formada və mütəmadi şəkildə fəaliyyət göstərməkdir: 

“Uzun müddətdir Gənc Vətəndaş İctimai Birliyinin gerçəkləşdirmək istədiyi bir ideya var. “Ailə üçün dəyər” layihəsi yalnız 3 ay müddətinə davam edir. Bu müddətdən sonra insanlarla mütəmadi şəkildə işləmək üçün daimi bir qurum – Ailə Hüquq Akademiyasını yaratmaq istəyirik. 2016-cı ilin statistikasına baxsaq, çoxsaylı boşanma hallarının qeydə alındığını görəcəyik. Bu çox acınacaqlı haldır. Biz insanları ailə dəyərləri mövzusunda maarifləndirməklə bu göstəricilərin mümkün qədər azalmasına çalışırıq. Bizim əsas məqsədimiz müasir ailə modelinin, ailə dəyərlərinin formalaşdırılmasıdır”.

Tətbirdə millət vəkili Hikmət Babaoğlu da mövzu ətrafında maraqlı fikirlər səsləndirib:

“Ailə milli dəyərlərin, həm də millətçiliyin təməlidir. Azərbaycanda ailə anlayışı hüququn təməlidir. Sağlam ailə təməlləri olmasa, cəmiyyətlər formalaşa bilməz. Biz bir qədər sosial politologiya elminin dərinliyinə getsək, görərik ki, illərlə qoruyub saxladığımız adət-ənənələrin də əsası ailədən başlayır. Ailə, ailə fərdlərinin sağlam gələcəyi üçün düzgün qərarlar qəbul etmək önəmlidir. Ona görə Zərdüşt deyirdi ki, qiymət özü qiymətli şeylərin ən qiymətlisidir”.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə bildirib ki, son zamanlar cəmiyyətdə ən aktual problemlərdən biri olan ailə dəyərləri haqqında çox söz demək olar:

“Cəmiyyətdə müxtəlif səbəblərdən ailə problemləri yaşanır. Ailədə yaranan ən xırda problemlərin belə həll olunmadan üstündən keçilməməlidir. Ailə dəyərləri deyildiyi qədər asan mövzu deyil. Bu mövzu çox dərin və qəliz nüansları özündə birləşdirir. Hər bir ölkənin özünə xas dəyərləri olduğu kimi Azərbaycanın da ən önəmli dəyərlərindən biri məhz ailə dəyərləridir. Unutmaq olmaz ki, düzgün ailədə böyüyən bizim gələcək nəsildir. Ailə dəyərlərini o qədər müdafiə etmək lazımdır ki, bu ailədə yetişən gənclik sabah vətənpərvər, mühafizəkar və bir o qədər də mübariz ruhlu olsun. Elə gənclər yetişdirmək lazımdır ki, onlar sabah öz haqqları, eləcə də ailə dəyərləri uğrunda var güclərilə mübarizə apara bilsinlər”.

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib ki, bu gün müzakirə etdiyimiz mövzunun bir başqa tərəfində də ailə həyatı qurmamış xanımlarımız dayanır:

“Toplumda qəribə bir tendensiya mövcuddur. Dünya ölkələri üzrə ən gözəl xanımlar elə Azərbaycan xanımlarıdır. Lakin danılmaz faktdır ki, Avropada adət-ənənə fərqlidir, ailə dəyərləri fərqlidir, bizdə isə fərqli. Düşünmək olar ki, illər keçir və müasir cəmiyyətin, müasir gəncliyin gələcəyə dair planları fərqlənir. Lakin hər bir halda valideyn sevgisindən məhrum qalan uşaqların sayının azalması və boşanma hallarının qarşısını almaq üçün ailə dəyərlərinə sahib çıxmaq lazımdır”.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev bildirdi ki, Azərbaycanda ailə dəyərlərinin möhkəmləndirilməsi istiqamətində məhdud sayda layihələr gerçəkləşdirilir:

““Ailə üçün dəyər” layihəsi bu gün cəmiyyət üçün lazımlı nüansları istər maarifləndirici mövzularda, istərsə də səyyar hüquqi xidmətlər mövzusunda peşəkar şəkildə işlənmişdir. Layihə əməkdaşları cəmiyyətə ailə dəyərlərini, onun vacibliyini aşılayaraq, sağlam cəmiyyətin formalaşmasına təkan verir. Bu gün hüquqşunaslara çoxsaylı boşanma ərizləri daxil olur. Bu heç də arzulanan hal deyil. İnsanlar ailə psixoloqlarına müraciət etməkdən çəkinirlər. Xaricdə isə bu tamamilə normal haldır. Avropada xüsusi qurumlar var ki, boşanmaq istəyən cütlüklər bu qurumlara müraciət edirlər. Burada problemlər müxtəlif istiqamətlərdə araşdırıldıqdan sonra məhkəmələrə müraciət ərizəsi verilməsinə icazə verilir. Bu ideyanı isə Gənc Vətəndaş İctimai Birliyinin yaradacağı Ailə Hüquq Akademiyasının reallaşdıracağına və cəmiyyətimiz üçün yararlı layihələrə imza atacağına ümid edirik”.

Yeni Yazarlar Klubunun rəhbəri, kulturoloq Aydınxan Əbilov qeyd edib ki, bu gün cəmiyyətdə ailə dəyərləri arzulanan dərəcədə deyil:

“Ailə dəyərləri dedikdə çox müxtəlif mövzulara toxunmaq olar. Avropada eynicinsli insanların ailə qurmasına rəsmi olaraq icazə verilib. Amma burada hansı ailə dəyərlərindən söhbət açmaq olar? Cəmiyyətimizdə bu gün qadınlara qarşı müəyyən mənada mühafizəkarlıq hiss olunur. Bu özü də milli dəyərlərin göstəricisidir. Bu gün bir kişinin bir xanıma qarşı göstərdiyi kobud münasibət kişi ilə kişi arasında yaşanan kobudluqdan daha çox diqqət çəkir və daha çox hüquqi yollarla tənzimlənir. Bu gün cəmiyyətdə ailə dəyərlərinin qorunması istiqamətində düzgün təbliğata maarifləndirici tədbirlərə ehtiyac var. İstərdim ki, müasir dövr və gənclik ailə dəyərlərini itirməsin”.