Səhiyyə Nazirliyi ilə Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti arasında “müharibə” davam edir. Tribunainfo.az xəbər verir ki, dövlət xidməti dünən nazirliyin daha bir tenderini ləğv edib.
Belə ki, nazirliyin balansında olan Səhiyyənin Təminat Mərkəzi fərdi mühavizə vasitələri və yanğın söndürən balonların satın alınması üçün tender keçirib. Bu məqsədlə 500.021,22 manat pul da ayırıb. Lakin Dövlət Xidməti qanunun əsas tələblərindən birinin pozulmasını əsas tutaraq, nəticələri qəbul etməyib.
Qeyd edək ki, son bir ayda AİİBNX Səhiyyə Nazirliyinin onlarla tenderinin nəticələrini ləğv edib. Son hadisə isə Gəncə Birləşmiş Xəstəxanasının keçirdiyi iki müsabiqə olub. Hətta dövlət xidməti həmin tenderlərdə yol verilmiş ciddi qanun pozuntularına görə, tender komissiyasının sədr və üzvlərinə həmin prosesdə 3 il iştirak etmək qadağası qoyub. Buna səbəb isə tenderin qalibi olan şirkətlərlə gizli anlaşmanın üstünün açılması olub.