Aİ Ukraynaya 50 milyardlıq yardımı təsdiqlədibackend

Aİ Ukraynaya 50 milyardlıq yardımı təsdiqlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ-yə üzv ölkələrin liderləri Brüsseldə keçirilən sammitdə Ukraynaya növbəti 4 il üçün 50 milyard avro məbləğində uzunmüddətli büdcə yardımının ayrılmasını təsdiqləyiblər ki, bu da 2023 səviyyəsi ilə müqayisədə Ukrayna üçün büdcədən ayrılan vəsaitin 1,5 dəfə azaldılması deməkdir.
Yeniavaz.com xəbər verir ki, proqramın təsdiqini Aİ-nin fövqəladə sammitinin başlamasından cəmi bir neçə dəqiqə sonra “X” sosial şəbəkəsində Avropa Şurasının rəhbəri Şarl Mişel elan edib.
“27 liderin hamısı Aİ büdcəsindən Ukraynaya yardım paketi çərçivəsində əlavə 50 milyard avro ayırmağa razılaşdı”, – Mişel deyib.
Əgər bu vəsait Kiyevə vaxtında ödənilərsə, bu, onun 2023-cü illə müqayisədə Brüsseldən maliyyələşməsinin 1,5 dəfə azalması demək olacaq. Çünki 2023-cü il üçün Avropa İttifaqı Kiyevə ayda 1,5 milyard avro ödəməklə 18 milyard avro ayırıb. Dörd il ərzində 50 milyard avronun ayrılması isə ayda 1,02 milyard avro məbləğində ödəniş deməkdir.
Şarl Mişel bu maliyyələşmənin şərtlərini, həmçinin mənbələrini açıqlamayıb.
Eyni zamanda, “Reuters” öz mənbələrinə istinadən xəbər verir ki, Brüssel 2023-cü ilin dekabrında bu yardım paketinin qarşısını alan Macarıstanın Baş naziri Viktor Orbanın əsas tələbini yerinə yetirməyə razılaşıb. Belə ki, Kiyevə ödənişlər avtomatik olmayacaq, Aİ liderləri Kiyevin Brüsselin bütün tələblərinə əməl etməsinə nəzarət edərək, illik əsasda onları yenidən qiymətləndirməli və yenidən təsdiq etməli olacaqlar.