Avropa İttifaqı Rusiyaya qarşı 15-ci sanksiya paketini təsdiqləyib.
Tribunainfo.az-ın xəbərinə görə, bu barədə məlumat qurumun saytında yerləşdirilib.
Bildirilib ki, məhdudiyyətlər əsasən Rusiyanın hərbi gücü və hərbi-sənaye kompleksinin zəiflədilməsinə istiqamətlənib.
Budəfəki məhdudiyyətlər siyahısına Rusiya-Ukrayna müharibəsinə bu və ya digər şəkildə dəstək olan 54 fiziki və 30 hüquqi şəxsin adları daxil edilib. Hüquqi şəxslər arasında həm adıçəkilən ölkənin, həm də İran, Çin Hindistan, Serbiya və BƏƏ-nin hərbi sənaye sahəsində fəaliyət göstərən nəhəng korporasiyaları yer alıb.
Qurumun xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bu addımın Rusiyanın Ukraynada apardığı müharibəyə cavab olduğunu bildirib:
“Əsas məqsədimiz Rusiyanın hərbi maşınını zəiflətmək, eləcə də onun addımlarına dəstək olan Çin tərəfinə məhdudiyyətlər tətbiq etməkdən ibarətdir. Budəfəki addım Avropa İttifaqına üzv dövlətlərin Ukraynaya dəstəyi davam etdirməkdə qərarlı olduğunu göstərir. Biz siyasi, iqtisadi, hərbi, diplomatik və humanitar cəhətdən hər zaman Ukrayna xalqının yanındayıq” – deyə, K. Kallas əlavə edib.