“Avropa İttifaqı mənim üçün maraqlı deyil. Mənim üçün ən əsası gürcü xalqıdır”.
Tribunainfo.az xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” partiyasının Baş katibi, Tbilisi meri Kaxa Kaladze Avropa İttifaqı (Aİ) liderlərinin Gürcüstanda baş tutmuş yerli seçkilərlə bağlı bəyanatını jurnalistlərə şərh edərkən deyib.
Onun sözlərinə görə, Gürcüstanın sahibləri hansısa kənar şəxslər deyil, sadə vətəndaşlardır.
“Bu ölkəni yalnız gürcü xalqı idarə edir. Hakimiyyətdə kimin olması və müxalifət spektrinin necə təmsil olunacağına da xalq qərar verir”, – deyə K.Kaladze əlavə edib. Mer sabah “Gürcü Arzusu”nun Aİ rəsmilərinin bəyanatına cavabının olacağını qeyd edib.
Xatırladaq ki, ötən gün Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos Gürcüstanda oktyabrın 4-də keçirilmiş yerli seçkilərlə bağlı tənqidi bəyanat yayıblar.