Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Gürcüstanın diplomatik və xidməti pasportlarına malik şəxsləri üçün vizasız rejimin dayandırılması barədə qərarı təsdiq ediblər.
Tribunainfo.az xəbər verir ki, bu barədə məlumat Avropa İttifaqı Şurasının saytında yer alıb.
Bununla yanaşı, gürcü diplomatlar və rəsmilər Aİ ölkələrinə səfər edərkən ərizə təqdim etmək üçün daha qısa müddət, daha az viza rüsumu və daha az sənəd təqdim etmək kimi güzəştlərdən də istifadə edə bilməyəcəklər.
Həmçinin qeyd olunub ki, adi pasporta malik Gürcüstan vətəndaşları əvvəlkitək Avropa İttifaqı ölkələrinə qısamüddətli səfərlər edərkən vizasız rejimdən yararlana biləcəklər.
Qərar yaxın günlərdə qüvvəyə minəcək.
Qeyd edək ki, yanvarın 27-də Brüsseldə Aİ-yə üzv ölkələrin XİN rəhbərləri Şurasının iclası keçirilib. Gürcüstanın diplomatik pasporta malik şəxsləri üçün vizasız rejimin ləğv edilməsi üçün yalnız 15 səs tələb olunurdu. Macarıstan və Slovakiya qərarın əleyhinə çıxış edib.
Onu da xatırladaq ki, 2024-cü ilin sonunda Şuranın iclasında gürcü diplomatlar və rəsmilər üçün vizasız rejimin dayandırılması barədə razılıq əldə olunmuşdu.